44GUN.ORG
Doğma Göyçayımızın fəxarətli insanları haqqında düşünəndə, onlardan biri də bizim tarizanımız Rövşən Zamanov idi. Açığını deyim ki, onun haqqında keçmiş zamanda danışmaq belə məni dəhşət dərəcədə kədərləndirir. Rövşən Zamanov haqqında fikirləşəndə istər-istəməz insanın gözlərinin qarşısına tar, tardan danışanda isə Rövşən Zamanov canlanır. Musiqiçilər və şairlər doğurdan da Allah tərəfindən seçilmiş, sevilmiş insanlar olurlar. Mən deyərdim ki şair və musiqiçilər doğulurlar, sonradan yaranmırlar. Bu əsl professional səviyyədə Allah tərəfindən seçilmişlərə aiddir. Məhz belə insanları Allah gözəl ruhlu, nurlu, istedadlı, səbrli və başqa müsbət xarakterlər bəxş edərək yaradır. Məhz Rövşən Zamanov da belələrindən idi. Onun zəhməti, doğma Göyçaya, musiqiyə bağlılığı öz töhfəsini verdi, və Göyçayımız üçün nə qədər tar sənətinin vurğunları yetişdi. O, uzun illər Göyçay uşaq musiqi məktəbinin direktoru işləmişdir. Bu müddətdə kollektivin, valideynlərin, bütün Göyçay sakinlərinin dərin hörmətini qazanmışdır. Və Göyçayda keçirilən bütün səviyyəli ədəbi musiqili tədbirlərə dəvət olunaraq canla - başla iştirak edirdi. Hörmətli sənətkar kimi, hörmətli tarizan kimi, dəyərli Göyçaylı kimi daim sevilirdi. Ürək, istedad, cansız simlər və mizrab... Bunların hamısını sehirli barmaqlarında bir nöqtədə birləşdirən Rövşən Zamanovun tarından qopan musiqisi sanki insanlarla danışırdı, canlı ünsiyyətdə olurdu. O, bu musiqiləri ilə bəlkə də çox şeylər demək istəyirdi, ancaq onu hər adam başa düşməzdi. Xəstəliyin təsirindən o, ağrısa da daima ağrılarını gizlədərdi. Ətrafındakı insanlara, dostlarına, müsbət enerji ötürməyə çalışırdı. Həmişə üzü gülərdi, daim xoş söhbətlər edərdi, çox zaman o öz sözünü musiqi ilə deyərdi. Onda milli musiqimizə sevgi, bağlılıq eləcə də həyat eşqi o qədər güclü idi ki, öz içində tam arxayın idi ki, bu bəd xəstəliyə qalib gələcək. Ancaq çox əfsuslar olsun ki, ona xəbərdarlıq etmədən, pensiya yaşı çatdığını bəhanə edərək, tutduğu vəzifədən azad etdilər.Göyçayın adını, şöhrətini özü qədər şərəflə yaşadıb ucaldan bir insan üçün rayon rəhbərliyi tərəfindən bir ədəbi musiqili tədbir düzənləmək nə çətin idi ki ?!
İllərdir ki, Göyçayın istedadlı yazar və musiqiçilərinə qarşı bu qısqanclıq, diqqətsizlik, paxıllıq, haqsızlıq, ögey münasibət davam etdirilir. Səbəbini nə bilən var, nə soruşan...
Sonda yenə uduzan, itirən, unudulan, qəsd edilən doğma Göyçayımız olur.
Elə mənim də 60 və 65 illik yubley tədbirlərimin Göyçayda keçirilməsi üçün Azərbaycan Yazıçılar Birliyinin sədri Anar tərəfindən Göyçay rayon İcra başçısının adına rəsmi məktub göndərilmişdi.( 2018 və 2023 cü illər) Yuxarıda saydığım bəd xislətlərin nəticəsi olaraq əhəmiyyət verilmədi.
İllərdi işlədiyi kollektivdən belə dəyər verilmədən uzaqlaşdırılması tarizanı çox məyus etdi və bundan sonra onun ağrıları daha da güclənməyə başladı. O heç vaxt şikayətlənməzdi, heç vaxt ağrısı barədə bir kəlimə də heç kimə deməzdi. Amma son vaxtlar o özü də bilmədən onun gözləri bir nöqtəyə dikəlirdi.
Bir dəfə söhbət zamanı əzizimiz, onun yadigarı Mürsəl Rövşən müəllimin xəstəliyi haqqında danışdı ki, son vaxtlar kəskin ağrıları olur. 2023-cü ilin noyabr ayı idi. Göyçayda Arvan kitabxanasında poeziya görüşü keçirilirdi. Mən də həmin tədbirə dəvət olunmuşdum. Tədbirdə Rövşən müəllim də var idi. Çıxışlardan sonra söz musiqiyə verildi. Və o, çox gözəl musiqi parçaları, muğamlarımızı çox ustadcasına, həm də məharətlə ifa etdi. Həmin gün tədbir başa çatdı,gələn qonaqlar yavaş-yavaş seyrəlməyə başlasa da, nə Rövşən müəllim nə də mən kitabxananı tərk etmədik. Bizimlə qalanlar da oldu.Elçin Bilalov,Südabə Sərvi, hörmətli rəssamımız Ehtiram müəllim ( ona da diqqət göstərilmir, acınacaqlı kiçik və şəraitsiz bir otaqkimidə işləyir. Baxmayaraq ki, nə qədər Göyçaylı gənc rəssamlar yetişdirir.) Elvin Firidunoğlu,Maya Feyruzqızı və s.
Onun müşayəti ilə mən də xeyli öz şeirlərimdən dedim. Yaxşı ki, belə bir yadda qalan tarixi gün yaşandı.
Bu toplanışdan əvvəl Göyçay 5 nömrəli tam orta məktəbin direktoru gözəl insan, Göyçaylılarımıza daim dəyər verən, Vüqar Məlikovun rəhbərlik etdiyi məktəbdə, mənim yubileyim şərəfinə tədbir düzənlənmişdi. Bu tədbirə Rövşən müəllim də gəlməli idi lakin gəlməmişdi. Oğlu Mürsəli göndərmişdi. Mürsəl mənə yaxınlaşdı, məni təbrik etdi və Rövşən müəllimin salamını mənə çatdırdıqdan sonra, onun vəziyyəti haqqında danışdı ki, elə təzəcə sistem köçürülüb və yatıb. Ouna görə yuxusuz olduğundan onu yuxudan oyatmadım. Kitabxanadakı tədbirdə o, yenə mənə həmin vəziyyəti xatırlatdı və üzrxahlıq etdi ki gələ bilmədim. Nə yaxşı ki görüşdük, nə yaxşı ki, həmin gün birlikdə olduq və onun ifa etdiyi musiqi sədaları altında nə qədər bizim xatirələrimiz qaldı. Yaxşı ki smartfon telefonlar və kameralar var. Həmin görüşü biz yaddaşlara köçürdük və bir xatirə kimi saxladıq.
Kitabxanadakı bu görüşdən sonra, bizim ünsiyyətimiz daha da artdı. Mən Bakıda olduğuma görə tez-tez görüşə bilməsək də vaxtaşırı telefon zəngləri olurdu, hal-əhval tuturduq bir-birimizən. Yaxşı idi vəziyyəti, yəni yaxşılaşmağından xəbər verirdi. Eləcə telefon danışıqlarında həmin o son görüşü xatırlayaraq deyirdi ki, şair sizin poeziyaya vuruldum, siz məni daha da həvəsə gətirdiniz və mən sizi çox həvəslə müşayət etdim. Gözəl bir gün oldu və mən bu günü həmişə xatırlayıram. Son vaxtlar onun vəziyyətinin ağırlaşmasını mənə onun ciyərparəsi, oğlu Mürsəl deyirdi. Mürsəllə də çox gözəl ünsiyyətimiz var, və vaxtaşırı ustadı narahat etməmək üçün biz Mürsəllə zəngləşirdik, danışırdıq və hal əhval tuturduq. Rövşən müəllimin hələ dünyasını dəyişməmişdən əvvəl görkəmli şəxslər haqqında öz müsahibələri ilə, çəkiliş xatirələri yaradan, bizim həmyerlimiz Vasif Ayan Göyçayda idi. Onunla əlaqə saxlayanda Rövşən müəllimi soruşdum. Onun vəziyyətinin kəskin dərəcədə ağırlaşmasını mənə xəbər verdi. Bir neçə gün ötmüşdü ki, onun acı xəbərini, dünyadan köçməsini eşitdik. Bu acı xəbər bir Göyçaylı kimi məni də sarsıltdı. Onunla birlikdə oğlu, əzizimiz Mürsəl tərəfindən çəkilmiş şəkil və videolara baxdım. Ağlaya ağlaya onun ifalarını dinlədim. Bizə qalan bu xatirələr oldu.
Bu yoxluq bizi kövrəltsə də Rövşən müəllimi vaxtaşırı yad edirik, ağrılı da olsa xatirələr danışırıq.
Elə bil ki dünən idi. Çox ağır, üzücü idi bu xəbər. Tək mənim üçün yox bütün Göyçaylılar üçün, bütün musiqi aləmi üçün, bütün Rövşən müəllimi tanıyanlar üçün. Və son təsəlli olaraq, ruhun şad olsun ustad! Bu sözləri deməkdən başqa heç bir çarəmiz qalmadı. Rövşən Zamanovun əziz xatirəsi onu sevənlərin qəlbində daim yaşayacaqdır. Allah rəhmət eləsin.
*İgidlər qovdular, bayquşu - sarı,*
*Şuşada coşmadı Rövşənin tarı.*
*Azad olunsa da dustaq ruhları,*
*Rövşənsiz, Mürsəllə - tar yetim qalıb.*
--------------------
*Abil İslam*
AYB və AJB üzvü, Prezident təqaüdçüsü, iki dəfə Həsən bəy Zərdabi diplomunun mükafatçısı, 218 mahnının söz müəllifi, şeir kitablarının müəllifi,dünya üzrə Azərbaycan Türk Xalqları Qardaşlığı İctimai Birliyinin sədr müavini.