Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar bayram kimi qeyd olunur. Bu gün Azərbaycan diasporu üçün ən mühüm və əlamətdar bayramlardan biridir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.
2023-cu ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatı isə cəmi bir gün, ondan da az çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında bildirib:
“Beləliklə, biz tarixi ədaləti bərpa etdik. 20 sentyabr 2023-cü il bizim tariximizdə qalacaq, necə ki, 8 Noyabr. Noyabrın 8-də Şuşa əməliyyatından sonra düşmən ordusunun beli qırıldı və bir gün sonra kapitulyasiya aktına imza atdı. Bu il aprelin 23-də biz Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətə alaraq ərazi bütövlüyümüzü tam bərpa etdik və sentyabrın 20-də dövlət suverenliyini tam bərpa etdik. Bununla separatçıların kitabı bağlandı. Artıq Azərbaycanda separatçılığa yer olmayacaq. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir və bunun səbəbkarları bu gün, bax, bu meydanda dayanan bizim igidlərimizdir və on minlərlə Azərbaycan hərbçiləridir. Onların qanı-canı bahasına biz bu Qələbəni əldə etmişdik”.
44 günlük Vətən müharibəsi dövründə olduğu kimi sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı da dünya azərbaycanlılarının həmrəylik nümayiş etdirməsi, Azərbaycan Prezidentinin ətrafında sıx birləşməsi xalqımız və millətimiz arasında sarsılmaz bağların mövcudluğunun göstəricisidir. Məhz bu qırılmaz bağlar bütün dünya gücləri qarşısında azərbaycanlıların hansı qüdrətə sahib olduğunu nümayiş etdirdi. Bu birliyin və birlikdə əldə edilmiş gücün sayəsində bu gün azərbaycanlılar dünyanın bütün nöqtəsində başıuca gəzirlər.