44GUN.ORG
Heydər Əliyev və Azərbaycan Polisi: Dəyərin, Etimadın və Möhkəm Dövlətçiliyin Simvolu.🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿
Hər bir dövlətin dayaqlarından biri onun hüquq-mühafizə orqanlarıdır. Bu orqanların içərisində isə polis xidməti ictimai təhlükəsizliyin, qanunun aliliyinin və dövlətin varlığının zəmanətçisidir. Azərbaycan polisi uzun və şərəfli bir yol keçmiş, çətin, amma qürurverici bir tarix yazmışdır. Bu yol, təkcə cinayətkarlıqla mübarizə deyil, həm də xalqla birgə taleyin ağır sınaqlarından keçmək deməkdir. Hər il 2 iyul tarixində qeyd edilən Azərbaycan Polisi Günü, yalnız bir peşə bayramı deyil bu, dövlətin və xalqın etibar etdiyi, hər zaman ön cəbhədə olan bir qüvvənin bayramıdır. Xalqın Sülh Qalası olan Azərbaycan Polisi tarixin sınağından keçmiş və bu günümüzə uzun, şərəfli, tarixi bir yol gəlmişdir.
Azərbaycan polisi tarixən dövlətin ictimai dayağı kimi formalaşmışdır. Bu orqanın əsası 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının qərarı ilə qoyulub. Həmin dövrdə Daxili İşlər Nazirliyi strukturunda fəaliyyətə başlayan polis orqanları Azərbaycanın müstəqilliyini qorumaq üçün önəmli vəzifələr daşıyırdı. O dövrün ağır geosiyasi şəraiti, daxili sabitliyin pozulması cəhdləri və sosial çətinliklər fonunda Azərbaycan polisi dövlətin təhlükəsizliyinin qorunmasında fəal iştirak edirdi. Sovetlər dövründə isə Azərbaycan polisi SSRİ-nin tərkibində olsa da, milli dəyərləri və insanlarla sıx ünsiyyəti qoruyub saxlamaqı bacarırdı. Lakin əsl imtahan dövrü 1990-cı illərin əvvəllərinə, yəni müstəqilliyin bərpa olunmasından sonrakı çətin mərhələyə təsadüf etdi. Daxili sabitliyin pozulması, siyasi iğtişaşlar, cinayətkarlığın artması, erməni təcavüzü fonunda Azərbaycan polisi öz canı, qanı bahasına dövlətçiliyin qorunmasında əvəzsiz rol oynadı və bu hər birimizin yaddaşında silinməz iz qoydu.
Xalqın ümummili lideri Heydər Əliyevin hakimiyyəti dönəmi Azərbaycan polisinə yeni nəfəs dövrü kimi tarixiləşdi.
Azərbaycanın xilaskarı, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə daxili işlər orqanlarının fəaliyyəti sistemləşdirildi, polisə olan inam bərpa edildi. Məhz onun rəhbərliyi ilə hüquqi islahatlar aparıldı, DİN strukturunda ciddi dəyişikliklər edildi, peşəkarlıq və vətənpərvərlik prinsipləri önə çəkildi. Prezident Heydər Əliyev dəfələrlə çıxışlarında polisin dövlətin dayağı olduğunu, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında misilsiz xidmətlər göstərdiyini vurğulamışdı. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan polisi təkcə cəza orqanı yox, xalqın müttəfiqi və güvən yeri olaraq formalaşdı.
Heydər Əliyev ilk növbədə qanunçuluğun təmin olunmasını və kadr islahatlarını ön plana çəkməyə başladı. Azərbaycanın ictimai-siyasi həyatında sabitliyin yaranması, cinayətkarlıqla mübarizədə çevik metodların tətbiqi və polis orqanlarında nizam-intizamın gücləndirilməsi məhz onun rəhbərliyi dövründə baş verdi.
Bu illərdə polis orqanlarının fəaliyyəti yalnız inzibati nəzarət funksiyası ilə məhdudlaşmadı o, cəmiyyətin bir parçasına çevrildi. Heydər Əliyev hüquq-mühafizə orqanlarının nüfuzunu artırmaqla yanaşı, bu sahədə çalışanların sosial rifahını da diqqətdə saxladı. Onun təşəbbüsü ilə DİN əməkdaşları üçün yeni infrastruktur yaradıldı, hüquq təhsili alan kadrların yetişdirilməsinə xüsusi önəm verildi. 1990-cı illərin əvvəllərində hüquq-mühafizə sistemi demək olar ki, dağılmış vəziyyətdə idi. Polis orqanları siyasi məqsədlər üçün istifadə olunur, cinayətkarlıq tüğyan edir, cəmiyyət özünü qorunmamış hiss edirdi. Belə bir zamanda Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı, yalnız dövlətçilik üçün deyil, həm də polis orqanlarının dirçəlişi üçün dönüş nöqtəsi oldu.Ulu Öndər hüquq-mühafizə sisteminin bərpasını dövlət quruculuğunun əsas prioritetlərindən biri elan etdi. Onun təşəbbüsü ilə daxili işlər orqanlarında geniş struktur islahatları aparıldı. Nizam-intizam bərpa edildi, siyasi neytrallıq və peşəkarlıq prinsipləri əsas götürüldü. Polis tədricən xalqın inamını qazandı, dövlətin etibarlı dayağının göstəricisi oldu.
"Polis xalqın xidmətində olmalıdır", Heydər Əliyev doktrinası həmən dönəmin ən aktual məğzinə şevrildi.
Ulu Öndərin hüquq-mühafizə orqanlarına yanaşmasının ən əsas cəhəti onun insan amilinə əsaslanması idi. O, dəfələrlə bəyan edirdi ki, polis xalqın içində olmalı, xalqın xidmətində dayanmalı, onun müdafiəçisi və dayağı olmalıdır.
Heydər Əliyev çıxışlarında polisin cəmiyyətlə əlaqəsinin əhəmiyyətini vurğulayaraq deyirdi: “Hər bir polis əməkdaşı bilməlidir ki, onun arxasında xalq dayanır. Əgər o, xalqın etimadını itirərsə, artıq o, öz funksiyasını yerinə yetirə bilməz.”Bu fikirlər sadəcə ritorika deyildi, bu hüquq-mühafizə siyasətinin əsas fəlsəfəsi idi. Ulu Öndər polisin sərt üzünü deyil, humanist mahiyyətini, vicdan və ədalət üzərində qurulmuş xidmət missiyasını ön plana çəkirdi. Heydər Əliyev hüquq-mühafizə sistemində çalışan kadrların keyfiyyətinə, təhsilinə və vətənpərvərlik ruhuna xüsusi önəm verirdi. Onun təşəbbüsü ilə DİN Akademiyası müasir tələblərə uyğunlaşdırıldı, polis əməkdaşlarının ixtisasartırması üçün xüsusi kurslar təşkil olundu. O, hüquq-mühafizə orqanlarına qəbulda şəffaflığı və peşəkarlığı üstün tuturdu.
Dövlət rəhbəri kimi polisin yalnız fövqəladə hallarda yox, gündəlik həyatın da təhlükəsiz bir hissəsi olması ideyasını təşviq edirdi. O, polis əməkdaşlarını milli təfəkkürə, xalqla ünsiyyət bacarığına, mənəvi təmizliyə və öz məsuliyyətini dərindən dərk etməyə səsləyirdi.
Azərbaycanın ən çətin dönəmlərində və ərazi bütövlüyümüz uğrunda aparılan mübarizədə daxili qoşunların və polis əməkdaşlarının da rolunu Ulu Öndər xüsusi qiymətləndirirdi. O, şəhid olmuş polis əməkdaşlarını daima hörmətlə anır, onların ailələrinə qayğı ilə yanaşılmasını tapşırırdı. Heydər Əliyevin təşəbbüsü ilə Vətən uğrunda canından keçən polis əməkdaşlarına yüksək dövlət təltifləri verilir, onların adları tariximizə qızıl hərflərlə yazılırdı.
Azərbaycan Polisinə olan diqqət, qayğı, hörmət Ulu Öndərin irsində əbədiləşmiş etimadada çevrildi.
Bu gün Azərbaycan polisinin xalq arasında qazandığı inam, onun dövlətçilikdə tutduğu möhkəm yer, məhz Heydər Əliyevin əsasını qoyduğu təməl prinsiplərin qanunçuluq, xidmət, peşəkarlıq və insanpərvərliyin bariz nəticəsidir.
Ümummili Liderimiz Heydər Əliyev ideyalarını sadq davamçısı, onun müzəffər varisi Cənab Prezident İlham Əliyev də bu yolu uğurla davam etdirərək, daxili işlər orqanlarının inkişafını daim diqqətdə saxlayır. Müasir dövrdə də Azərbaycan polisi qanunun, xidmətin və humanizmin təcəsümüdür.
Bu gün Azərbaycan polisi yalnız cinayətkarlıqla mübarizə aparmır. O, cəmiyyətin hər qatında var, sosial təhlükəsizlikdə, yol hərəkətinin tənzimlənməsində, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, hətta pandemiya dövründə küçələrdə vətəndaşların sağlamlığı naminə gecə-gündüz xidmət edən məhz polis idi.
Müasir Azərbaycanın qoruyucusu olan bu xidmət nümayəndələrinin gündəlik proqramlarına istiqamətlər üzrə baxsaq elə ilk olaraq cinayətkarlıqla mübarizəyə nəzər salmalıyıq.
Birinci istiqamət polis orqanları cinayətlərin qarşısının alınması, axtarışda olan şəxslərin tutulması, narkotiklə mübarizə sahəsində böyük işlər görür.
Kiber cinayətkarlıq və transsərhəd təhlükələrə qarşı mübarizə də müasir dövrün tələblərinə uyğun şəkildə həyata keçirilir.
İkinci istiqamət ictimai asayişin qorunmasıdır.
Kütləvi tədbirlərdə, aksiyalarda və bayramlarda polisin iştirakı yalnız təhlükəsizlik deyil, həm də dövlətin mədəni simasını təcəssüm etdirir.
Üçüncü istiqamət yol hərəkətinin təhlükəsizliyidir
Dövlət Yol Polisi idarəsi hər gün vətəndaşların təhlükəsiz şəkildə yollarda hərəkətini təmin edir, qaydaların pozulmasının qarşısını alır, baş verə biləcək yüzlərlə qəzanın hadisənin qarşısı alınır.
Dördüncü istiqamət fövqəladə hallarda operativlikdir.
Zəlzələ, yanğın, sel kimi fəlakətlər zamanı Daxili İşlər Nazirliyinin çevik qüvvələri insanların köməyinəhər kəsdən öncə gəlir, həyat qurtarır.Buna minlərlə misallar göstərmək olar. Çox əfsuslarla qeyd etmək istəyirəm ki, hələ belə fövqaladə hadisələr zamanı öz gənc həyatları ilə vidalaşan polislərimiz də az olmayıb. Bəli Azərbaycan Polisi lazım gəldiyində öz dövləti, öz vətəndaşı üçün canını da fəda edənlərdəndir.
Beşinci istiqamət vətəndaşla birbaşa ünsiyyətdir.
Bu günümüzün, müasir dövrümüzün polisi artıq sərt görünüşlü biri deyil. Onlar vətəndaşların dostu, yardımçısı, sosial çağırışlara həssas münasibət göstərən bir peşə sahibidir. Onlar hər yerdədir, onlar cəfakeşdir, onlar fədakardır, onlar ünsiyyətçil və humnistdirlər.
Polisimizin fəaliyyətini bəlkə dəbir çox istiqamətlər üzrə incələyərək bu şərəfli yolhaqında geniş məlumatlar yazmaq ola.Lakin ən ümdəsini, ən ucasını qeyd etmək və onun üzərində dayanmaq daha məqsədəuyğundur.
Qarabağ zəfərində Azərbaycan Polisinin əvəzsiz payından bəhs edək.
Azərbaycanın 2020-ci ildə qazandığı Vətən müharibəsində polis əməkdaşları xüsusilə DİN-in Daxili Qoşunları ön cəbhədə, azad edilmiş ərazilərdə xüsusi şücaət göstərdilər. Onlar döyüş bölgəsində yalnız təhlükəsizliyi təmin etməklə qalmayıb, bəziləri şəhidlik zirvəsinə ucalaraq öz adlarını xalqın yaddaşına, tariximizə yazdılar.
Böyük və tarixi Qələbəmizdən sonra da azad edilmiş torpaqlarda asayişin bərqərar olunmasında, mina təhlükəsinə qarşı tədbirlərdə, sərhəd bölgələrində nəzarətin bərpasında polisin rolu əvəzsizdir.
Bu gün Azərbaycan Polisinin bir amalı var: Ulu Öndərin müqəddəs kəlamında dediyi kimi:- güclü polis, güclü dövlət deməkdir.
Müasir dövrdə Azərbaycan polisi rəqəmsal texnologiyalar, məlumat bazaları, kameralar əsasında qurulan nəzarət mexanizmləri ilə təchiz olunaraq dünyanın qabaqcıl hüquq-mühafizə orqanları səviyyəsinə çatmaq yolundadır. Bu sahədə beynəlxalq əməkdaşlıqlar, təlimlər və təcrübə mübadiləsi davam edir.
Azərbaycan polisi təkcə peşəkarlığı ilə deyil, həm də milli ruhu, vətənpərvərliyi, xalqla bağlılığı və humanist yanaşması ilə fərqlənir.
Azərbaycan polisi bu gün sadəcə asayişi qoruyan bir qurum deyi, bu gün polis xalqın içindən çıxan, xalq üçün çalışan, dövlətin sabitliyini, millətin təhlükəsizliyini qoruyan bir qaladır. Onun hər addımında məsuliyyət, andına sadiqlik və insan sevgisi var.
Və qürurla bildiririk ki, 2 iyul Azərbaycan polisi günü, sadəcə bir peşə bayramı deyil. Bu gün həm də xalqın təhlükəsizliyi, əmin-amanlığı və gələcəyinin qoruyucularına “Təşəkkür edirəm” demək günüdür.
Mən də bu gözəl gündə Azərbaycan Polisinin şərəfli övladlarına dərin minnətdarlıq və səmimi arzularla zəngin təbrikimi ünvanlayıram.
Əziz Azərbaycan Polisi! Peşə bayramınız münasibətilə xalqın asayişini qoruyan, millətin sabitliyi və dövlətin toxunulmazlığı naminə gündəlik həyatı təhlükəyə atmaqdan çəkinməyən, ləyaqət və fədakarlıqla xidmət edən bütün polis əməkdaşlarını və daxili işlər orqanlarının fədakar heyətini ürəkdən təbrik edirəm!
Sizin hər bir addımınız qanun keşiyində ayıq-sayıqlıqla dayanmaq, hər bir nəfəsiniz bu Vətənə sədaqətlə xidmət etmək ruhu ilə yoğrulub. Azərbaycan polisinin keçdiyi tarixi yol yalnız qanunçuluğun deyil, həm də vətənpərvərliyin, mərdliyin və insanlığa xidmətdə sədaqətin salnaməsidir. Bugünkü cəmiyyətin sabit və təhlükəsiz ritmində sizin görünməyən, amma hiss olunan zəhmətinizin izləri vardır.
Siz təkcə təhlükəsizlik üçün deyil, həm də dövlətçiliyin dirəyi, xalqın inam yeri və cəmiyyətin mənəvi dayağısınız. Gecə-gündüz demədən, isti-soyuq tanımadan, həyatınızı riskə ataraq gördüyünüz işlər bir əsgərin səngərdə çəkdiyi keşiyə bənzəyir. Bəzən bir ailənin son ümidisiniz, bəzən bir uşağın qoruyucu mələyi, bəzən də bir şəhərin arxayın nəfəs alma səbəbi sizsiniz.
Bu əziz və əlamətdar gündə hər birinizə möhkəm can sağlığı, ruh yüksəkliyi, xidmətinizdə uğurlar, ailələrinizə səadət və cəmiyyətimizin sizə olan dərin inamının daim qorunmasını arzu edirəm. İnanıram ki, Azərbaycan polisi hər zaman olduğu kimi, bu gün də, sabah da Vətənə və xalqa sədaqət nümunəsi olacaq, dövlətin əmin-amanlığının keşiyində qətiyyətlə dayanacaqdır.
Qoy, Tanrı hər birinizi qorusun, xalqın duası üzərinizdən əskik olmasın.
Bu müqəddəs xidmət yolunuzda daima qürurlu, güclü və müdrik qalasınız!
Azərbaycan polisinin şərəfli formasını daşıyan bütün qəhrəmanları ehtiramla salamlayır və gününüz mübarək olsun deyirəm!
Nəhayət Məhəmməd qızı Şirinova.
ADPU Quba filialı Heydər Əliyev Lektoriyasının müdiri