44GUN.ORG
Azərbaycan və Slovakiya payızda iqtisadi əməkdaşlıq üzrə birgə işçi qrupunun iclasını keçirmək barədə razılığa gəlib.bu barədə ölkənin iqtisadiyyat naziri Denisa Sakova bildirib.
Məlumata görə, iyulun 15-də Bakıda keçirilmiş Azərbaycan-Slovakiya biznes forumu çərçivəsində tərəflər ticarət əlaqələrinin, investisiya əməkdaşlığının gələcək inkişafı, eləcə də yeni birgə layihələrin hazırlanmasına dair məsələləri nəzərdən keçiriblər.
D.Sakova bildirib ki, Azərbaycan Slovakiyanın mühüm iqtisadi tərəfdaşlarından biridir: "İki ölkə arasında əməkdaşlığın perspektivli istiqamətləri energetika, infrastruktur, logistika, rəqəmsal sənaye və müasir texnologiyalardır. Azərbaycan və Slovakiya arasındakı strateji tərəfdaşlıq həmçinin ticarətin, investisiyaların gələcək inkişafı və birgə layihələrin həyata keçirilməsi üçün imkanlar yaradır".
Onun sözlərinə görə, Slovakiya enerji təhlükəsizliyini Azərbaycanla əməkdaşlığın əsas prioriteti hesab edir.
"Buna görə də biz 2027-ci ildən sonra təbii qaz tədarükünün şaxələndirilməsinə töhfə verəcək həll yollarını fəal şəkildə müzakirə edirik. Eyni zamanda, biz Azərbaycanla iqtisadi əməkdaşlığı daha da inkişaf etdirməyə və Slovakiya şirkətləri üçün yeni imkanlar yaratmağa çalışırıq", - D.Sakova bildirib.
Məlumatda vurğulanıb ki, Bakıya səfəri və biznes-forumda iştirakı zamanı D.Sakova Azərbaycanın energetika naziri Pərviz Şahbazov və iqtisadiyyat naziri Mikayıl Cabbarovla danışıqlar aparıb. Görüşün əsas mövzusu Slovakiyaya təbii qaz tədarükünün şaxələndirilməsi imkanları olub.
Tərəflər həmçinin Slovakiyaya gələcək qaz tədarükü üçün konkret həll yollarının axtarılması məqsədilə energetika şirkətləri arasında əməkdaşlığı müzakirə ediblər.