SON DƏQİQƏ

Prezident İlham Əliyevin 20 illik prezidentliyinə həsr olunmuş “Zəfər çələngi” adlı kitab Bişkekdə nəşr olundu

Tarix:15-04-2024, 00:07 Oxunub:93

Türkdilli Dövlətlərin  Siyasətinə Dəstək Fondunun prezidenti Azərbaycan tarixini, ədəbiyyatını, mədəniyyətini, Ulu Öndər Heydər Əliyevin müqəddəs irsini,  Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu  daxili və xarici siyasəti Orta Asiya ölkələrində yorulmadan təbliğ edən tanınmış ictimai xadim Nüsrət Məmmədovdur.
“Zəfər çələngi” kitabı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 20 illik prezidentliyi dövründə dövlətinə və millətinə qazandırdığı uğurların siyasi və iqtisadi təhlilinə həsr olunmuşdur.
     Azərbaycan-Qırğızıstan münasibətlərinə və Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun hər iki ölkənin biznes qurumlarının birgə fəaliyyətinə həsr olunmuş  geniş məqalə ilə başlanan kitabda İlham Əliyevin Milli Dövlət quruculuğu; Milli təhlükəsizliyin təmin edilməsi; enerji təhlükəsizliyi; nəqliyyat təhlükəsizliyi, sosial təhlükəsizlik; hərbi təhlükəsizlik; informasiya təhlükəsizliyi; ekolji təhlükəsizlik, kadr və gənclər; rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə; iqtisadi və təhlükəsizlik və ərzaq təminatı; gömrük və  xarici siyasəti təhlil və şərh edilmiş şəkildə, həmçinin dəqiq beynəlxalq və yerli statistik məlumatlar cədvəllər və diaqramlar formasında ardıcıllıqla yeləşdirilmişdir.
Müzəffər Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri son üç il ərzində 220 illik işğal tarixinə son qoydu.  
Dünyada ədalətin itdiyi bir zamanda böyük peşəklarlıq və dövlət idarəetmə ustalığı göstərən, dərin düşüncəli, uzaqgörən siyasətçi İlham Əliyev dünya erməni lobbisinə və onları dəstəkləyən bütün beynəlxalq güclərə qalib gəldi. 30 ilə yaxın erməni işğalı altında qalan və tamamilə dağıdılımış hala düşən Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarının əraziləri düşmən tapdağından azad olundu. 
2020-ci ilin 27 sentyabr tarixində başlanan və 44 gün davam edən  II Qarabağ müharibəsi Azərbaycanın hərbi qüdrətini və döyüş taktikasını bütün dünyaya tanıtdı. Qazanılan  Zəfərlə Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Hərb tarixində misli görünməmiş 44 günlük müharibənin hərbi-siyasi, tarixi-ideoloji və iqtisadi nəticələri haqqında hələ çox danışılacaq və yazılacaq.
Son üç il ərzində Azərbaycan Silahlı Qüvvələri bir neçə əməliyyat keçirməklə torpaqlarımızı düşmən terroristlərindən təmizlədi. Birgünlük  (19-20 sentyabr 2023-cü il) Antiterror əməliyyatı keçirən Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın tapşırığını uğurla icra edərək, 23 saatdan bir az artıq müddətdə düşmənə diz çökdürdü. Eyni zamanda, təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən əldəqayırma qurumun bütün rəhbərləri və əsas ideoloqları həbs olunaraq Bakıya gətirildi.  
Bu gün Qələbə sevincini yaşayan, Qarabağ torpaqlarına alnıaçıq, üzüağ, fərəh hissi ilə ayaq basan Azərbaycan xalqı qəhrəman oğulların – Şəhidlərin xatirəsini hörmətlə anaraq ruhlarına dualar oxuyur, qazilərə Uca Allahdan şəfalar diləyir.
Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə, artıq işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” üçün bütün zəruri tədbirlər həyata keçirilir, yaşayış binaları, sosial, nəqliyyat və iqtisadi infrastruktur sürətlə  bərpa olunur. Aparılan yenidənqurma və quruculuq işləri yüksək  keyfiyyətlə həyata keçirilir. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə öz sərhədlərinə tam nəzarət edir.
Ölkə Rəhbərinin  apardığı siyasət və gördüyü işlər nəticəsində Azərbaycan dövləti dünyanın aparıcı dövlətlərindən biri sayılır. Təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli dövlətçilik siyasətini uğurla həyata keçirən cənab İlham Əliyevin səyi nəticəsində son iyirmi ildə Azərbaycan dünya miqyasında baş verən siyasi proseslərə istiqamət verə bilən bir dövlətə çevrilib ki, bu yolu əksər dövlətlər daha çox zaman xərcləməklə keçə biliblər. Azərbaycan nəinki Cənubi Qafqazda və MDB məkanında, artıq Avropa İttifaqında belə, öz sözü və imzası, iradəsi ilə tanınan müasir bir dövlətdir.
Qeyd edək ki, sadalanan bütün məsələlər kitabda öz əksini tapıb. 
“Uluu Toolor” nəşriyyatında Azərbaycan dilində 500 nüxsə ilə çap olunan kitab geniş oxucu kütləsi üçün hesablanıb. Bu, fondun nəşr etdirdiyi 160-cı kitabdır. 
Xüsusilə qeyd edək ki, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu, öz ənənələrinə sadiq qalaraq, bu kitabı da pulsuz yayacaq. Həm də Fond, kitabın təbliğat istiqamətində böyük əhəmiyyət kəsb etdəcəyini nəzərə alaraq, qırğız və rus dillərinə tərcümə etdirməyi də nəzərdə tutur.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman