SON DƏQİQƏ

Xalq şairi Nəriman Həsənzadə

Tarix:18-02-2023, 11:57 Oxunub:386

“Mənim qarşıma həmişə yaxşı insanlar çıxıb”
     Xalq  şairi Nəriman Həsənzadə milli -mənəvi dəyərləri, humanizmi, insan-cəmiyyət münasibətlərində  səmimiliyi, Azərbaycan xalqının milli müstəqilliyini müdafiə edən, güclü dövlətçilik təfəkkürünə malik vətənpərvər   şairdir.Bütün varlığı ilə mənsub olduğu xalqa bağlı olan, onun azadlığı, istiqlalı naminə gecəsini-gündüzünə qataraq yorulmadan yazıb-yaradan qələm adamlarındandı. O, Azərbaycan xalqının dövlət müstəqilliyi uğrunda mübarizə apardığı illərdə Ali Sovetin deputatı kimi Müstəqillik Aktına qol çəkib. Ümumiyyətlə, millətə, xalqa xidməti özünün ömür kredosuna çevirən şair həmişə öz yüksək intellekti, mübarizliyi ilə öndə olub. 
    Müasir Azərbaycan poeziyasının, ümumən ədəbi-ictimai fikrinin görkəmli nümayəndələrindən olan Nəriman Həsənzadə ədəbiyyata çox gənc yaşlarında, hər şeydən əvvəl, lirik şair kimi gəlib. Bu lirika təbiiliyi, səmimiliyi və dil-üslub mükəmməlliyilə  seçilirdi., Nəriman Həsənzadənin yaradıcılığı həyatın gerçəkliklərindən,acılarından   yoğrulmuş, Allahın ona  bəxş  etdiyi  istedadı səmimiyyətlə   yaradıçılığında  əks etdirmişdir. Hər zaman həsrətlə gözlədiyi qələbə sevincini yaşayaraq özünü  xoşbəxt   qələm adamı  adlandırırdı. O, tez-tez deyirdi ki, Qarabağ ürəyimizin yaralı yeridir. Ən böyük istəyim Qarabağın qayıdışıdı. Xalq şairinin  ən böyük arzusu çin olub. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz Qarabağı  işğaldan  azad edib.
   Onun əsərləri keçmiş SSRİ və bir çox xarici ölkə xalqlarının (ingilis, fransız, alman, fars, italyan, çex, hind, ərəb, xorvat və s.) dillərinə tərcümə olunub. Nəriman Həsənzadə ötən əsrin 50-60-cı illərində yazdığı “Qız ürəyi”, “Hadi və Əsgər”, “Körpəylə söhbət”, “Biz bir ildə doğulduq”, “Qadın”, “Heybədə gəzən şeir” (“Sabir”), “Vətənsiz”, “Əsir uşaq”, “Şahid ol, Günəş”, “Nəriman”, 70-80-ci illərə aid “Həsrət”, “Zümrüd quşu”, “Rəsul Həmzətova məktub”, “Kimin sualı var?”, 90-cı illərdən etibarən qələmə aldığı “Şəhid atası Şərif qağaya məktub”, “Qafqaz”, “Cavid”, “Qarabağdan gələn var”, “Xarı bülbül”, “Bəyanat”, “Poylu - beşiyim mənim”, “Qaçaq Kərəm”, “Nuru paşa”, “Nizami”, “Sözü tara verin” çoxlu sayda və müxtəlif həcmli poemaların müəllifidir.Əsərləri haqqında respublika və xarici mətbuat səhifələrində məqalələr dərc olunub. “Nəriman Həsənzadənin lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə edilib, “Nəriman Həsənzadənin yaradıcılıq yolu” adlı monoqrafiya çap olunub. Onun yaradıcılığı hər zaman yüksək dəyərləndirilib və müstəqil Azərbaycanın bir sıra ali orden və medallarına layiq görülüb.Müsahibələrində “Mənim qarşıma həmişə yaxşı insanlar çıxıb” deyən şair bu sırada özünə mənəvi ata bildiyi istedadlı yazıçı, gözəl alim Mir Cəlal Paşayevi  hər zaman böyük sevgi və ehtiramla xatırlayır.
“Tale mənə şairliyi könül dostu verib”- deyir  şair.   Kədər şairi,  acıların şahidi  olan  şair “Orduda xidmətimin bitdiyi gün Salyan kazarmasının qarşısında oturub axşama kimi ağladım. Anam 23 yaşım olanda rəhmətə getmişdi, kimin evinə gedəcəyimi bilmirdim. Moskvada oxuyanda gəlib-gedərkən məni qarşılayan yox idi. Evlənəndə də tək idim. Hərdən geri boylananda deyirəm, ilhahi, mən necə sağ-salamat qalıb bu yaşa çatmışam?!”  xatirələr danışı, bir az kövrəlir, Allah mənim rastıma   yaxşı insanları çıxarıb həmişə deyir.
Taleyim Heydər Əliyevlə çox bağlıdır. Daima mənə dəstək oldu, “Ədəbiyyat” qəzetinə baş redaktor təyin etdi. Hər nömrəni oxuyurdu, tövsiyyələr edirdi. SSRİ dağılandan sonra Arif Paşayev məni Milli Aviasiya Akademiyasına apardı. Orada 23 ildir ki, dərs deyirəm. Mən bu cür gözəl insanların hesabına yaşadım. Onlar məni qorudu.Bu dünyada yaşamaq çox çətindir. 
Azərbaycan  tarixindən Şah İsmayıl Xətaidən bu yana heç vaxt torpaq almamışıq, həmişə itirmişik. Bu müharibə olduqca böyük tarixdir. Xalq birliyini, Azərbaycan gəncliyinin          qeyrətini göstərdi. Bunların hər biri haqqında ayrıca yazılmalıdır. Ordumuzun və Prezidentimizin yazdığı tarixi gərək ədəbiyyata gətirək. Buna görə də ömürdən möhlət istəyirəm.
Bir yol ayrıcına bənzəyir həyat,
Yaramaz həyatın üstündə əsmək.
Cəsarət istəyir, bir də ehtiyat,
Nə ləngimək olar, nə də tələsmək.
Ehtiyat elədim orda ki, bir vaxt,
Cəsarət hər şeyə, məncə, dəyərdi.
Cəsarət göstərdim orda ki, ancaq,
Adi bir ehtiyat bəs eləyərdi.
Bu dünya qəribə bir əyləncədir,
Dünya sərt, mən bəzən uşaqxasiyyət.
Yaşadım, bilmədim bu dünya nədir,
Bilmədim, dünyada nədir səadət.
Kədərim dünyanın vecinə deyil,
Sevincim necə bəs, düşürmü yada?
Bəlkə dünya üçün, bu – heç nə deyil,
Nə qədər sevinc var, qəm var dünyada.
Dünya sərgisində göründüm, yetər,
Həqiqət dedim mən ”yalan dünya”ya,
Dünyanı əyləncə hesab edənlər,
Əylənib baxsınlar bir an dünyaya.

Gülşən Behbud
Şair-jurnalist


44gun.org

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman