Bunu Moderator.az-a açıqlamasında xalq artisti Niyaməddin Musayev deyib.
“O vaxt fəxri adlar verilmirdi, yığışdırmışdılar. Ulu öndər Heydər Əliyev mənə “xalq artisti” fəxri adını verəndən sonra, hamını fəxri adlarla təltif etdilər. O bilirdi ki, yaradıcı insanlar üçün fəxri adlar, mükafatlar çox vacibdir. Onlar daha fərəhlənirlər, stimul olur. Heydər Əliyev mənim yaradıcılığımı yüksək qiymətləndirirdi. 60 illik yubileyimdə mənə məktub yazmışdı. Məktubda belə bir söz var idi. “Milli estradanın təməlini qoyan, bir novator kimi Niyaməddin Musayev “Şöhrət” ordeni ilə təltif olunur”. Mənə deyirdi ki, ansamblın da, geyimin də qeyri-adidir. Hamıdan fərqlənirsən. Bu sahədə çox xoşbəxt insanam. Deyirdi ki, soruşdum ki, “Niyaməddin hanı? Dedilər ki, oxumağı atıb, bizneslə məşğuldur”. Onun zarafatları da, bizimlə ciddi danışığı da gözəl idi. Məmməd Arazın “Dünya sənin, dünya mənim” sözlərinə bəstələdiyim mahnını çox sevirdi. Deyirdi ki, “nə oxuyursan-oxu, nə yazırsan yaz, bu mahnın şedevrdir”. Hüseyn Cavid haqda bir rekviem yazmışdım. Diski verdim ona. Mənə dedi ki, “o sənin ağlına haradan gəlib?”. Dedim ki, “onun nəşi Sibirdən sizin təşəbbüsünüzlə gətirilib, bunu yazmaya bilməzdim”. 2-ci dəfə görüşəndə dedi ki, “mən o klipə baxdım, çox əzəmətli bir rekviemdir”. Bəxtiyar Vahabzadənin “Talandı torpağımız” mahnısını da çox bəyənmişdi. Deyirdi ki, “sən işini bilən adamsan” deyə sənətkar bildirib.
Sənətkar bildirib ki, Azərbaycan estrada sənətinə yenilik gətirib.
“1978-ci ildə “Röya”ansamblını yaratdım. Sənətə bir yenilik gətirdim. 1978-ci ildən əvvəl də ifa olunan mahnılara baxın, ondan sonra da. Hamısı mənim səpkimdə oldu. Səhnəyə sərbəstliyi mən gətirmişəm. O vaxtı bunları qəbul etmirdilər. Bu da normal haldır. Bu gün də yaxşı ki, xalq məni yaşadır. Bu sevgini qoruyub saxlamaq çox çətin məsələdir. Müğənnilərdən xahiş edirəm ki, mahnılarımı düzgün ifa etsinlər. Mənim ifama baxıb, qulaq assınlar, sonra ifa etsinlər. Peşəkar müğənnilərdir, amma nə sözləri düzgün deyirlər, nə də musiqiləri düzgün ifa edirlər. Özlərindən nələrsə çıxarırlar. Musiqinin fəlsəfəsini pozurlar” deyə xalq artisti Niyaməddin Musayev deyib.