
“Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer,
mənəviyyət, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi
hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdəndir....”
Heydər Əliyev
Yubileylər bir növ yaşanmış illərin hesabatıdı. Istər fərd olaraq şəxsi həyatımızda, istərsə də kollektiv olaraq ictimai fəaliyyətimizdə bu belədir. Artıq ikinci rübünü yola saldığımız 2023-cü il biz kitabxana işçiləri üçün yubileylər ili olaraq yadda qalacaq. Belə ki, nümunəvi xidmətiylə, gözəl ənənələri, yaddaqalan tədbirləri, unudulmaz görüşləriylə tanınan oxucu ünvanlarından biri S. Vurğun adına Mərkəzi kitabxana bu il 65 yaşını qeyd edir. Sumqayıt şəhər MKS-ə daxil olan kitabxanaların metodiki mərkəzi olan S. Vurğun adına Mərkəzi Kitabxana ötən əsrin 70-ci illərindən respublika kitabxanalarının təcrübə bazası olaraq tanınıb. Kitabxana bu gün də oxuculara xidmət işinin keyfiyyətinin yaxşılaşmasına, mütaliənin təbliği və təşkilinə yardımçı olmaq məqsədilə öz yorulmaz fəaliyyətini davam etdirir.
Həmçinin şəhərimizin ilk uşaq kitabxanası olan, kiçik yaşlılara - şəhərimizin gələcək qurucularına xidmət məqsədi ilə açılan Mərkəzi Uşaq Kitabxanasının 70 yaşı, Ə. Vahid adına kitabxana filialın 50 yaşı, M. Ə. Sabir adına kitabxana filialın 45 yaşı, N. Gəncəvi adına Kitabxana Klubun isə 35 illik yubileyi qeyd olunur.
Kitabxanalarımızda zaman-zaman bir-birindən maraqlı müsabiqələr, intellektual yarışlar, viktorinalar keçirilib və bu gün də keçirilməkdədir.
Oxucular arasında mütaliənin təbliği və təşkilinə yardımçı olmaq məqsədilə S. Vurğun adına Mərkəzi kitabxananın təşkilatçılığı ilə ilbəil bir-birindən maraqlı layihələr irəli sürülüb. “Kitabla dünyanı fəth edək”, “Sən mütaliə edirsənmi?”, “1 Kitabxana – 1 Yazıçı”, “Dahi Nizami”, “Elm və texnologiya ili”, “Yayı kitabla keçirək”, “Bizi tanıdanları biz də tanıdaq” layihələri belə maraqlı layihələr sırasındadır. İllər bizi nəcib, gözəl, ləyaqətli insanlarla görüşdürəndə daha yaddaqalan olur... Bu il 65 yaşını qeyd edən S. Vurğun adına Mərkəzi kitabxanada neçə-neçə istedadına, qələminə sayğı duyduğumuz yaradıcı insanla – şair və nasirlərimizlə zaman-zaman xatirələrdən silinməyən, yaddaşlarda iz salan görüşlərimiz olub
Bu gün könül verib yaşadığımız Sumqayıtda mütaliəsevərləri öz ətrafına yığmağı bacaran kitabxanalarımız zəngin fondu, xidmət personalı ilə oxucularımızın hər zaman xidmətindədir. Peşəyə vurğunluq, işə məsuliyyətlə yanaşmaq uğura aparan yoldu. Əminliklə deyə bilərik ki, biz uğurlarımızın hələ astanasındayıq.


















Pərvanə Qasımova
S.Vurğun adına Mərkəzi kitabxananın əməkdaşı