Son günlər beynəlxalq aləmin əsas müzakirə mövzusu Ukraynanın əks-hücumu, onun nə qədər effektli olmasıdır. Elə bir vəziyyət yaranıb ki, hətta ABŞ-ın rəhbər şəxsləri mövzu ilə bağlı açıqlamalar veriblər. Rusiyanın məğlubiyyətini arzulamayan qüvvələr isə Ukraynanın əks-hücumunun gözlənilən nəticəni verməməsi haqqında geniş təbliğat aparmaq imkanı qazanıblar. Bu təbliğat isə belə təəssürat yaradıb ki, Ukraynanın əks-hücumu dayanıb. Lakin həqiqət ondan ibarət ki, Ukraynanın əks-hücum əməliyyatı arzu olunan qədər sürətli olmasa da, davam edir.
Ukraynanın müdafiə naziri Aleksey Reznikov CNN-ə müsahibəsində əks-hücumun sürətindən narahat olmadığını vurğulayıb və bu mövqeyini döyüş əməliyyatlarının plana uyğun getməsi ilə izah edib. Nazir Reznikov bildirib ki, "hər əks-hücumun sürətli olması anlayışı" səhv adlandırıb və əks-hücumun gözlənildiyindən daha yavaş olmasının səbəblərini də qeyd edib. Reznikov bildirib ki, artilleriya mərmiləri və hava hücumundan müdafiə sistemlərinin çatışmazlığı əks-hücumun sürətinə təsir edib: "Bu, kompüter oyunu deyil, müharibədir".
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı, general Valeri Zalujnı isə əks-hücumunun "gözləniləndən yavaş" getməsi haqqında mülahizələrdən "qəzəbləndiyini" bildirib. General əlavə edib ki, Ukrayna qoşunlarının azad etdiyi hər metr "qan bahasına" başa gəlir.
The Washington Post qəzetinə müsahibəsində general Zalujnı bildirib ki, bu, bütün dünyanın baxdığı və mərc etdiyi bir şou və ya buna bənzər bir şey deyil: "Bəlkə də şou iştirakçılarının, müşahidəçilərin istədiyi qədər sürətli deyil, amma bunlar onların problemləridir".
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı bildirib ki, əks-hücumunun daha sürətli keçməsi üçün ona tələb olunan qədər silah lazımdır. Genearal deyib ki, Ukrayna hələ də müasir döyüş təyyarələri almayıb, lakin hamı ondan ərazini tez bir zamanda Rusiya işğalından azad edəcəyini gözləyir.
Ukrayna prezidenti Volodimir Zelenski əks-hücumunun "arzu olunandan daha yavaş" getdiyi ilə razılaşıb, lakin Ukraynanın uyğun bildiyi kimi irəliləyəcəyini bəyan edib. Prezident Zelenski də problemin kifayət qədər döyüş sursatı və texnikanın olmaması ilə izah edib. Prezident bildirib ki, bütün bu çətinliklərə baxmayaraq Ukrayna irəliləyir. Dövlət başçısının sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri şəxsi heyətini və texnikasını itirmək istəmir: "Buna görə də hücum əməliyyatlarını kifayət qədər ehtiyatla həyata keçirir".
Ukrayna rəsmilərinin bu açıqlamalarına baxmayaraq bir sıra ekspertlər hesab edirlər ki, Rusiya-Ukrayna müharibəsi dalana dirənib. Belə qənaət yaranıb ki, tərəflərdə heç biri həlledici üstünlüyə nail olmaq və düşməni əsaslı güzəştə getməyə məcbur edə biləcək gücdə deyil. Ona görə də təklif edilir ki, tərəflər atəşi dayandırmalı, münaqişənin həlli üçün danışıqlara başlamalıdır. Lakin tərəflər hələlik sülh danışıqlarına hazır deyillər. Əksinə, hər iki tərəf hərb meydanında vəziyyəti öz xeyrinə dəyişməyə və düşməni təslim olmağa cəhd edir. Hərb meydanında vəziyyət isə çox ağırdır. Məlumatlarına görə, Ukraynanın işğal olunmuş ərazilərində Rusiyanın 370 minə qədər əsgər və zabiti cəmləşib. Bu qüvvələr cənub-qərbdə Xerson vilayətində Dnepr çayının mənsəbindən başlayaraq Xarkov vilayətinin şimal-şərqində, Kupyansk yaxınlığındakı kiçik Dvoroçnoye kəndinə qədər min kilometrlik cəbhə xətti boyunca yerləşdirilib. Rusiya qoşunlarının 100 min nəfər hərbçi, 900 tank və 550-dən çox artilleriyadan ibarət ən böyük qrupu Kremennayadan Dvoriçnaya qədər "Şərq Cəbhəsi"nin şimal sektorunda cəmləşib. Bu cəbhədə Rusiya ordusunun malik olduğu tankların yarısı cəmləşib ki, bu da hərb meydanına nə qədər qüvvənin cəmləşdirildiyii göstərir. Müharibənin 500 günü arxada qalmasına baxmayaraq Rusiya ordusunun taktikası dəyişmir. Rusiya qoşunları az təlim keçmiş piyadaları artilleriya dəstəyi ilə hücuma göndərir. Onları ardınca isə zirehli texnika və elit bölmələr hücuma göndərilir. Ekspertlər Rusiya ordusunun qorxunc canlıq üvvə itgilərini də məhz bu döyüş taktikası ilə izah edirlər. Bundan başqa Rusiya ordusunda ciddi sursat və texnika çatışmaazlığı müşahidə olunur. Müharibənin ilk günləri gün ərzində 60 min artilleriya mərmisi atan Rusiya ordusu son zamanlar təxminən 5-6 min mərmidən istifadə edir. Bu isə heç şübhəsiz ki, hücumun effektini azaldır. Bundan başqa Rusiya ordusu ciddi şəkildə texnika çatışmamazlığı ilə üzləşib.
Ukrayna ordusunda da ciddi problemlər var. Xüsusilə aviasiyanın yox səviyyəsində olması Ukrayna ordusu üçün ciddi problem yaradır. Ekspertlər hesab edirlər ki, F-16 qırıcılarının verilməsi Ukraynanın səmada üstünlüyünü təmin edər ki, bu da müharibənin taleyində mühüm rol oynayar. Uzun müddət Ukraynaya F-16 qırıcıları verməkdən imtina edən Qərbin mövqeyini dəyişməsi müharibənin gələcəyi ilə bağlı müəyyən qənaətlər yaradır. Belə görünür ki, Ukrayna təslim olmadığı kimi, onun Qərb müttəfiqləri də sona kimi Kiyevi dəstəkləmək niyyətindədirlər. Bir neçə gün öncə Ukraynaya 1.3 milyard dollarlıq yardım paketi açıqlayan Vaşinqton yeni yardım paketini də hazırlayıb. Bundan başqa Avropa İttifaqı Ukraynaya 20 milyard avroluq hərbi yardım proqramı qəbul etmək niyyətindədir. Bu məqamlar onu göstərir ki, Ukraynanın müttəfiq və tərəfdaşları Kiyevi dəstəkləməkdən yorulmayıblar. Əks-hücum əməliyyatları üçün hazırlanmış Ukrayna ordusu da bütövlükdə hərbi əməliyyatlara cəlb olunmayıb.
Rusiyada isə hərbi resurslar tükənir və müharibə əleyhinə çağırışlar güclənir. Rusiya hakimiyyətinin bütün repressiyalarına baxmayaraq müharibə əleyhinə çıxışlar səngimək bilmir. Artıq yüksək rütbəli hərbçilər də müharibənin uduzulması haqqında danışırlar və bu bədbin əhval-ruhiyyə güclənir. Həlledici döyüşlər ərəfəsində tərəflərdən birində qətiyyət müşahidə olunursa, digər tərəfdə bədbinlik hakimdir. Bütün baş verənləri ümumiləşdirib belə demək olar ki, Ukraynanın əks-hücumu başa çatmayıb, əksinə, ən ağır və qanlı döyüşlər hələ irəlidədir.