SON DƏQİQƏ

"Çıraqqala-Şabran" Dövlət Tarix- Mədəniyyət Qoruğunun balansında 7 abidədən biri olan dünya əhəmiyyətli "Qədim Şabran" abidəsi.

Tarix:21-06-2022, 22:55 Oxunub:734

21.06.2022 ci-il tarixində "Çıraqqala-Şabran" Dövlət Tarix- Mədəniyyət Qoruğunun balansında 7 abidədən biri olan dünya əhəmiyyətli "Qədim Şabran" abidəsinə

 "44gun.org" şimal zonası üzrə bölgə müxbiri kimi ekskursiya etdim.
Məni abidənin girişində ekspozisiya və kütləvi ekskursiya şöbəsinin müdiri Məmmədov Məmmədmusa müəllim qarşıladı.
Abidə haqqında geniş məlumatı isə qoruğun aparıcı elmi işçisi Şirəliyev Şirəli müəllim geniş məlumat verdi.
O müsahibəsində bildirdi ki,
Şabran rayonu Şahnəzərli kəndi ərazisində yerləşən qədim Şabran şəhəridir. Şəhər Abşeron yarımadasından Dərbənd keçidinə aparan karvan yolu üzəində yerləşir.
Bu ərazi qədim dövrlərdən etibarən Cənub-şərqi Avropanı Ön Asiya ilə birləşdirən karvan yolları üzərində yerləşmişdir.
Burada Beş Barmaq, Şabran (Gilgilçay), Dərbənd kimi müdafiə istehkamlarının tikilməsi heç də təsadüfi deyil. Bölgə hərbi-starteji rol oynamaqla yanaşı iqtisadi-ticarət baxımından da mühüm rol oynayırdı.
Şabran şəhər yeri XVII əsrin sonlarına qədər orta əsr Azərbaycan üçün mühüm mədəni-iqtisadi və hərbi-strateji mərkəz rolunu oynamışdır.
Bu şəhər haqqında yazılı mənbələrdə verilən məlumatlar olduqca az və ziddiyyətlidir.
Şabran şəhər yerinin yerləşdiyi ərazi ərəb-xəzər müharibələrinin mərkəzində olduğu üçün dağıntıya məruz qalmışdır. Əl-Kufi məlumat verir ki, xilafətin sərkərdəsi olan Məsləmə ibn Əbdülməlik 731-ci ildə göstərilən müqavimətə cəza olaraq Şabran şəhərinin qala divarlarını yerlə bir etdi və əhalini ətraf ərazilərə köçürdü
Qədim Şabran şəhərində arxeoloji tədqiqatlar üçün ilk addım 1935-ci ildə E.A.Paxomov və S.B.Aşurbəyli tərəfindən atılmışdır. Şahnəzərli və Rəhimli kəndlərinin ərazisinə baxışdan və külli miqdarda yerüstü material toplandıqdan sonra onlar tərəfindən ərazinin müfəssəl təsviri verilmişdir.
1937-ci ildə Bakıya su kəmərinin çəkilişi ilə bağlı aparılan qazıntı işləri zamanı burada gil qabların bişirilməsi üçün istifadə olunan sobanın qalıqları aşkarlanmışdır. Bu səbəbdən Paxomov yenidən buraya ezam olunmuş, sobanın strukturunu öyrənmiş, həmçinin sonradan Leviatov tərəfindən tədqiq edilən çoxsaylı saxsı məlumatı da toplamışdır. Bundan sonra təqribən 40 il ərzində orta əsr Şabran şəhər yerində heç bir arxeoloji tədqiqat apaılmamışdır. Yalnız 1979-cu ildə “Şimal-şərqi Azərbaycanın arxeoloji abidələri toplusu” kitabının hazırlanması ilə bağlı Bakı-Xaçmaz yolunun qərbində Şabrançay çayının sahilində sahəsi 50 m2 olan kəşfiyyat qazıntısı aparılmışdır. Bu qazıntı nəticəsində orta əsr Şabran şəhər yerinin mədəni təbəqələrinin stratiqrafiyası öyrənilmişdir. 1980-ci ildə isə AMEA Tarix İnstitutunun təşkil etdiyi Şirvan-Şabran stasionar arxeoloji ekspedisiyasının əsas tədqiqat obyekti məhz orta əsr Şabran şəhər yeri olmuşdur.
Şəhər yerinin müxtəlif yerlərində aparılan qazıntılar nəticəsində bəlli olmuşdur ki, şəhər yerinin ərazisi təxminən 40 hektar ərazini əhatə edir. Burada müxtəlif dövrləri əhatə edən və təxminən 5 m-ə çatan mədəni təbəqə aşkarlanmışdır. Burada 4 müxtəlif tikinti qatı fərqləndirilir ki, onlardan birincisi erkən orta əsrlərə aid edilir. İkinci tikinti qatı IX-XII əsrləri, üçüncü XIII-XIV və nəhayət ən üst təbəqə isə XV-XVIII əsrləri əhatə edir.
. Bütün dövrlərdə tikinti materialı çay daşı, əhəng daşı, müxtəlif ölçülərdə çiy və bişmiş kərpicdən ibarət olmuşdur.
Qazıntılar nəticəsində şəhərin yaşayış evlərinin strkturunu da müəyyən etmək olmuşdur. Belə ki, onların hamısının bönüvrəsində çay daşları olmuş və bişmiş kərpicdən tikilmişdir. Evlərin demək olar ki, hamısı iki və üçotaqlı olmuşdur
Aparılan qazıntılar zamanı əldə edilən maddi mədəniyyət nümunələrindən bəlli olur ki, Şabran şəhərində sənətkarlıq yüksək səviyyədə inkişaf etmişdir
Gildən hazırlanmış qablar arasında ştamplı keramika xüsusi yer tutur.Şabran ərazisindən aşkar olunan şüşə qabın üzərində “Şabranda hazırlanmışdır” mənasını verən “Amali Şabran” sözlərinin olması orta əsrlərdə Şabran şəhərində şüşə istehsalının yüksək şəkildə inkişaf etdiyini sübut edir.
Şabran ərazisindən tapılmış numizmatik materiallar da şəhərin təqribən dünyanın 30-a yaxın şəhər və ölkəsi ilə əlaqəsini sübut edən faktlardandır.
Orta əsr Şabran şəhərinin müxtəlif yerlərində aparılan qazıntılar zamanı su-kanalizasiya sisteminin qalıqları da aşkar olunmuşdur
Arxeoloji qazıntılar zamanı həmçinin yeraltı kanalizasiya sistemi də aşkar olunmuşdur. XI əsrdə qapalı tipli kanalizasiya sisteminin olması orta əsr Azərbaycan şəhərləri arasında məhz Şabranda aşkar edilmişdir.
Şabran şəhər yerində aparılan arxeoloji qazıntılar zamanı çoxlu sayda misdən və gümüşdən hazırlanmış sikkələr əldə edilmişdir. Onların çox hissəsi Şirvanşahlar dövrünə aid olsa da, onların sırasında XII əsr Atabəylər və Teymuri dövrünə aid olan sikkələrə də rast gəlinir
Belə ki, hələ keçən əsrin 80-ci illərində burada aparılan qazıntılar zamanı ikinci tikinti qatından atəşpərəst məbədinin qalıqları aşkar edilmişdir. Həmin məbəd IX əsrə aid edilir. Orta əsr Şabran şəhəri əhalisinin dini-dünyagörüşünü öyrənməyə imkan verən arxeoloji artefaktlar arasında gildən hazırlanmış muncuğu xüsusilə qeyd etmək lazımdır. Kiçik ölçülü muncuq üzərində 3 ştamp vardır ki, onlardan birində “Allah”, ikincisində “Məhəmməd”, sonuncusunda isə “Əli” sözləri yazılmışdır. XV əsrə aid edilən muncuğun üzərində “Əli” adının olması onu sübut edir ki, Şirvan Səfəvilərin hakimiyyəti altına alınmadan öncə dəŞabran ərazisində İslamın şiə təriqəti mövcud olmuşdur. Ümumiyyətlə, qədim Şabran şəhərinin əhalisi istər etnik, istər dini cəhətdən yekcins olmamışdır. Mənbələrdə qeyd olunur ki, şəhərdə müsəlman əhali ilə yanaşı yəhudilər də məskunlaşmışlar.
Arxeoloqlar tərəfindən qədim "Şabran" abidəsində qazıntılar zamanı aşkar edilmiş eksponatlar haqqında geniş məlumatı isə qoruğun elmi işçisi Ağaverdiyev Pərviz verdi.

Atayeva Günay.
"44gun.org" xəbər informasiya portalının şimal zonası üzrə bölgə müxbiri.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman