SON DƏQİQƏ

SABITLIYIN VƏ QÜDRƏTİN PARTİYASI: YENİ AZƏRBAYCAN PARTİYASININ TRANSFORMASİYA YOLU

Tarix:21-11-2025, 23:09 Oxunub:230

44GUN.ORG

Yeni Azərbaycan Partiyasının 33 illik inkişaf yolu, siyasi tariximizin mühüm mərhələsi olan 21 noyabr Azərbaycan siyasi tarixində xüsusi əhəmiyyətə malik bir gündür. Bu tarixdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 33 ili tamam olur. YAP-ın yaradılması təkcə bir partiyanın formalaşması deyil, həm də Azərbaycanın gələcək dövlətçilik modelinin müəyyənləşməsi, siyasi sabitliyin təmin edilməsi və müstəqilliyin möhkəmləndirilməsi baxımından mühüm dönüş nöqtəsi olmuşdur.
Heydər Əliyev ideyalarının siyasi təşkilat səviyyəsində təcəssümü 1990-cı illərin əvvəllərində ölkədə hökm sürən xaos, idarəetmə böhranı və siyasi parçalanma şəraitində Yeni Azərbaycan Partiyasının formalaşması dövlət idarəçiliyində yeni konsepsiyanın əsasını qoydu. Heydər Əliyevin uzaqgörənliyi və tarixi məsuliyyəti nəticəsində yaradılan bu partiya qısa müddətdə bütövlükdə Azərbaycan xalqının siyasi iradəsini ifadə edən aparıcı təşkilata çevrildi.
YAP yaranan kimi cəmiyyətin bütün təbəqələrini əhatə etməyi bacardı. Etnik, dini və siyasi mənsubiyyətdən asılı olmayaraq, ölkənin inkişafı naminə bir araya gələn insanlar bu təşkilatda özlərini təmsil olunmuş hiss etdilər. Partiyanın təşkilatlanma prosesi qısa zamanda ölkənin bütün bölgələrini əhatə etdi və YAP cəmi bir neçə ay ərzində hakimiyyətə gəldi.
Müstəqil dövlət quruculuğunun ideoloji dayağı olan partiyamız üçün Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dərin məzmunlu islahatlar, iqtisadi və sosial sahələrdə atılan strateji addımlar YAP-ın cəmiyyətdəki nüfuzunu daha da gücləndirdi. Partiya yalnız siyasi institut kimi deyil, həm də dövlət idarəçiliyinin ideoloji və intellektual platforması kimi çıxış etdi. Ulu Öndərin yaratdığı idarəçilik irsi bu gün də müasir dövlətçilik modelinin əsas baza elementlərindən biri kimi dəyərləndirilir.
Heydər Əliyevin xalqımıza ünvanladığı və siyasi varislik anlayışının ən parlaq nümunəsi olan sözləri bu gün də öz aktuallığını qoruyur. Onun İlham Əliyevə olan yüksək inamı və bu inamın xalq tərəfindən bölüşülməsi Azərbaycanın müasir inkişaf konsepsiyasının formalaşmasında əsas rol oynadı.
Siyasi varislik və yeni inkişaf mərhələsi isə  İlham Əliyev dövrü ilə başlamış oldu. 
Xalq bu etimadı praktiki seçimlə təsdiqləyərək İlham Əliyevi öz Lideri kimi müəyyənləşdirdi. Prezident İlham Əliyevin yürütməkdə olduğu siyasət Heydər Əliyev ideyalarının yeni dövr tələblərinə uyğun şəkildə inkişaf etdirilməsi ilə xarakterizə olunur. Bu siyasətin başlıca məqsədi güclü, dayanıqlı və müasir Azərbaycan dövlətinin qurulmasıdır.
YAP-ın ardıcıl şəkildə qazandığı seçki qələbələri yalnız siyasi uğur deyil, həm də xalqın dövlətçilik yoluna sadiqliyinin ifadəsidir. Partiyanın VII Qurultayında müəyyən olunan yeni hədəflər təşkilatın modernizasiyasını, struktur islahatlarını və fəaliyyətinin daha çevik idarəetməyə uyğunlaşdırılmasını təmin etdi.
Regional və beynəlxalq siyasətdə YAP modeli formalaşdı. 
Yeni Azərbaycan Partiyası bu gün təkcə Azərbaycanın deyil, Cənubi Qafqaz regionunun ən böyük və ən nüfuzlu siyasi təşkilatına çevrilmişdir. Partiyanın fəaliyyəti regional sabitliyin təmin olunmasına, sülhün təşviqinə və ölkənin beynəlxalq nüfuzunun artırılmasına mühüm töhfələr verir.
Azərbaycanın son illərdə qazandığı uğurlar enerji layihələri, nəqliyyat-logistika təşəbbüsləri, beynəlxalq əməkdaşlıq formatlarının genişlənməsi YAP-ın həyata keçirdiyi siyasi kursun davamlı və səmərəli olduğunu göstərir.
44 günlük Vətən müharibəsində siyasi iradənin təntənəsi özünü daha dolğun şəkildə biruzə verdi. 
Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri olan 44 günlük Vətən müharibəsində əldə edilən Böyük Qələbə Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsinin və müdrik strategiyasının nəticəsi oldu. Ordumuzun “Dəmir yumruq” əməliyyatı təkcə ərazi bütövlüyümüzü bərpa etmədi, həm də Azərbaycan dövlətinin regional və beynəlxalq miqyasda mövqelərini gücləndirdi.
Bu Qələbə YAP-ın dövlətçilik xəttinin nə qədər düzgün olduğunu, siyasi rəhbərliyin isə zamanın çağırışlarına adekvat cavab verdiyini bir daha təsdiqlədi.
Bəli 33 illik fəaliyyəti ərzində Yeni Azərbaycan Partiyası müstəqil dövlətçiliyimizin formalaşması, inkişafı və möhkəmlənməsində həlledici rol oynadı. Bu gün YAP həm siyasi təşkilat, həm dövlətçilik məktəbi, həm də gələcəyə hesablanmış strateji idarəetmə modeli kimi nümunədir. 
Əminliklə demək olar ki, bundan sonra da xalqımız Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizi daha böyük nailiyyətlərə doğru aparacaq. Azərbaycanın müstəqil, güclü və xoşbəxt gələcəyi bu siyasi xəttin davamlı şəkildə həyata keçirilməsi ilə təmin olunacaqdır.
Mən də illərdir Yeni Azərbaycan Partiyası sıralarında qürurla addımlayan bir təəssübkeş kimi
33 illik şərəfli yolun tamamlanması münasibətilə hər birinizi ürəkdən təbrik edirəm. Bu illər ərzində əldə olunan nailiyyətlər, göstərilən qətiyyət, birlik və əzmkarlıq bu günümüzün möhkəm təməlini formalaşdırıb. Bu yubiley təkcə tarixi bir gün deyil, həm də keçilmiş inkişaf yoluna verilən dəyərin və gələcəyə olan inamın təzahürüdür.
Arzu edirəm ki, qarşıdakı illər daha böyük uğurlar, daha möhtəşəm nəticələr və davamlı yüksəlişlə yadda qalsın. Bu əlamətdar gündə hər bir kəsə sağlamlıq, firavanlıq və fəaliyyətində yeni zirvələr arzulayıram.

33 illik yubileyimiz mübarək olsun!

Nəhayət Şirinova
ADPU Quba filialı
Heydər Əliyev Lektoriyasının müdiri
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
​​​​

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman