Bu sözləri AZƏRTAC-a açıqlamasında Topçubaşov Mərkəzinin direktoru, politoloq Rusif Hüseynov deyib.
Politoloq Qərb ictimaiyyətinin sırf Ermənistanı qazanmaq naminə Azərbaycandan imtina edib-etməyəcəyinin, həmçinin gərgin münasibətləri normallaşdırmaq üçün hansısa addımlar atıb-atmayacağının yaxın gələcəkdə aydın olacağını diqqətə çatdırıb. O qeyd edib ki, hazırda Qərbin Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı strateji xətti formalaşır.
“Qərb dairələrinin əsas istəklərindən biri Cənubi Qafqazda möhkəmlənməkdir. Onların qonşu Gürcüstan və Ermənistandakı proseslərdə aktiv iştirakı da məhz möhkəmlənmək istəkləri ilə bağlıdır. Eyni zamanda, bir sıra Qərb ölkələri öz diqqətini fərdi şəkildə Mərkəzi Asiya regionuna da yönəldib. Qərb ölkələri növbəti illərdə Mərkəzi Asiya resurslarının Avropaya ixrac olunmasına çalışacaq. Bu kontekstdən baxdıqda, Cənubi Qafqazla Mərkəzi Asiya arasında əsas bağlayıcı ölkə olan Azərbaycanı itirmək Qərb üçün yaxşı heç nə vəd etmir. Əlavə olaraq, Yaxın Şərqdə baş verən münaqişələr və bir sıra proseslərin İranla bağlı olması da Azərbaycanın önəmini artıran digər amillərdən biridir. Ona görə də Qərb ölkələri öz vizyonlarını konkretləşdirib Azərbaycana qarşı fikirlərinin nədən ibarət olduğunu açıq-aydın bəyan etməlidirlər. Yəqin ki, bundan sonra Azərbaycan da həmin münasibətə uyğun olaraq adekvat reaksiyasını verəcək”, - deyə Rusif Hüseynov bildirib.