44GUN.ORG
Adətən bir kitaba başlamazdan əvvəl onun əvvəlindən, ortasından və sonundan kiçik hissələr oxuyuram ki, ümumi təsəvvürüm formalaşsın. "Bu şəhərdə kimsə yoxdur" kitabına da eyni üsulla başladım. Orta hissələrdə ailə ilə bağlı gözəl məsləhətlər vardı, bu məqamlar mənə çox xoş təsir bağışladı. Hətta həyat yoldaşımla birlikdə oxumağa qərar verdim. Lakin yalnız maşında onun üçün kitab oxuya bildiyim üçün hər gün işə gedərkən 20 dəqiqəlik yol müddətində oxumağa davam etdim.Kitabı oxumağa yenicə başlamışdım, çox bəyənirdim. Qəhrəman Villinin həyatının birinci hissəsini oxuduqdan sonra müəllimlərimizdən birinə bu əsər haqqında danışdım.O da həyatından bir parça danışdı mənə.Çətin anlar yaşayırdı.Ona mənəvi dəstək olacağını düşünərək onun da oxuması üçün kitabı bitirmədən ona verdim. O, kitabı oxuyub qaytardı.
Bu müddətdə isə mən müəllifin "Abaddon" adlı əsərini əldə etmişdim.
"Abaddon"u üç gün tamam olmadan oxuyub bitirdim. Kitabın təsiri o qədər güclü oldu ki, oxuyub bitirdikdən sonra iki-üç həftə özümə gələ bilmədim. O qədər təsirlənmişdim ki, hətta hadisələrdən ürəyim bulanırdı, amma bu təsirdən qurtulmaq istəmirdim. Kitab mənə insanları mühakimə etməmək, qınamamaq və hər şeyi daha dərindən düşünmək və.s kimi vacib dərslər verdi.
Müəllimə kitabı qaytardı və mən ilk fürsətdə oxumağa başladım.Nədənsə Abaddon kitabında olduğu kimi tələsmirdim.
#buşəhərdəkimsəyoxdur kitabında isə Villinin həyatına dair dərin düşüncələr və mələklərin onun haqqında danışdığı ifadələri mənimsəmək, ruhən hiss etmək istəyirdim. Məsələn: "İnsan insanı ucaldacaq fürsətləri bilərəkdən əldən verəcək qədər ağılsızdır." Digər mələk isə belə deyirdi: "İnsan gözlərini bağlı qapılara zilləyib açıq qapıları görməyən bir varlıqdır."Bu fikirləri həqiqi həyatda olan bənzər hadisələrlə qarşılaşdırırdım.Müəllif mələyin dili ilə vurğulayır ki, səhvləri düzəltmək insanın öz əlindədir.
Kitabda oxuduğum, altından xətt çəkdiyim bəzi cümlələri övladlarıma miras qoymaq istəyirəm. Bəzən elə anlar olur ki, övladlarımız bizdən bir söz, bir yol göstərən işıq gözləyir. Onlar üçün seçdiyim bu dəyərli cümlələr mən onların yanında olsam da, olmasam da onlara güc verəcək,yol göstərəcək.
Bu kitabdakı fikirləri miras adlandırmağım qəribə görünə bilər. Lakin dünyada mənəviyyatın tükənə biləcəyi anlar vardır ki, bir dost kəlməsi dünyanın ən böyük xəzinələrinə bərabər olur. Valideyn olaraq övladlarımıza belə dəyərli hədiyyələr verməliyik. Kitabda ailə ilə bağlı dərin məqamlar var. Bu əsəri ailə qurmağa hazırlaşan gənclərin mütləq oxuması lazımdır.
Məktəblərimizdə və ailələrimizdə uşaqlara həyat dərsi vermirik. Onlara həyatın gözəlliyini, dünyaya gəlməyimizin məqsədini anlatmalıyıq. Rövşən Abdullaoğlu bu əsəri ilə həyata baxış tərzinizi dəyişəcək. Oxuyun, əziz gənclər, əziz analar, əziz atalar. Oxuyun ki, övladlarınıza nəyi miras qoymaq lazım olduğunu biləsiniz. Oxunacaq kitabları miras qoymaq övladlarımıza ən böyük töhfədir.
Kitabda ata-oğul münasibətləri ön plandadır. Visamın babası və atası arasındakı ailə dəyərlərinə əsaslanan hissələr isə xüsusilə təsirlidir. Dürüstlük və prinsipiallıq onları bir-birindən ayırır.
Bu hissələri oxuyarkən göz yaşlarımı saxlaya bilmədim. Həmin an evdə idim. Qaynanam və qaynatam da bizə qonaq gəlmişdilər. Qaynanam üçün oxuyub danışırdım, lakin bu məqamlara çatanda artıq danışmağa davam edə bilmədim.
Bəzən elə olur ki, həyatımızda baş verən hadisələri bir kitab kimi oxuyub bitiririk. Yəni hər bir hadisənin neqativ gücünü həyatımıza hopdurmamalıyıq.O hissləri doya-doya yaşamalıyıq, lakin gələcəyimizi onların üzərində qurmamalıyıq. Keçmişdən dərs çıxarmalı, təcrübə toplamalıyıq.
Rövşən Abdullaoğlunun psixoloji ədəbiyyatları ilə bir çox insanın həyatında möhtəşəm dəyişikliklər edəcəyinə inanıram. Oxuyanlara tövsiyəm budur ki, kitabı qələmlə oxuyun. Gələcək nəsillərə ən azından faydalı düşüncələri miras qoyun.
Bu əsəri aram-aram həzm edərək oxumaq cümlələrin insan həyatına təsirini daha da artırır. Müəllifin dini baxışları isə milli keçmişimizin təcəssümüdür. Bir podkastda dinləmişdim ki, müsəlmanlar bir xəzinənin üzərindədirlər, lakin ondan xəbərsizdirlər. Bəli, ana kitabımızdan misalların gətirilməsi mənəviyyatımızın gücünü, islam dinini dərindən bilməyin gözəlliyini və əslində islamı dərindən doğru mənbələrdən öyrənməyin bizi geriyə deyil, irəli apardığını göstərir.
Xızır peyğəmbərlə bağlı əhvalatlarla maraqlı və dəyərli mesajlar verən müəllif bu kitabla tarixin,dinin,psixologiyanın,fəlsəfənin inteqrasiyasını yaradıb.Belə dəyərli əsər üçün müəllif Rövşən Abdullaoğluna, kitabda əməyi keçən "Qədim qala" nəşriyyatına və bu kitabı mənə bağışlayan 128 nömrəli məktəbin direktoru,dəyərli dost Sədaqət xanıma dərin təşəkkürümü bildirirəm.
24.03.2025
Gülnarə Cəbiyeva
TELANGROUP MMC nin təsisçi direktoru pedaqoq, beynəlxalq dərəcəli təlimçi