SON DƏQİQƏ

Zabil Əsgərov adına tam orta məktəbdə son zəng tədbiri keçirildi

Tarix:14-06-2025, 16:26 Oxunub:379

44GUN.ORG

İyunun 14-də Neftçala rayonunun Zabil Əsgərov adına tam orta məktəbində buraxılış sinifləri üçün ənənəvi “Son zəng” tədbiri keçirildi. Məktəbin həyətində bayram əhval-ruhiyyəsində baş tutan tədbir rəsmi şəxslərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə daha da rəngarəng və əlamətdar oldu.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Elm və Təhsil Nazirliyinin Tərbiyə işləri üzrə sektor müdiri Qeyrət Şirəliyev, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Keyfiyyətə Nəzarət sektorunun müdiri Mahir Zahidov, hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri, valideynlər, müəllimlər və məktəblilər iştirak edirdilər.

Xüsusi vurğulanmalıdır ki, tədbirdə bu məktəbin məzunu olan Vətən müharibəsi şəhidi Xalid Orucovun atası Saleh Orucovun iştirakı duyğusal və vətənpərvərlik ruhunu daha da dərinləşdirdi.

Çıxış edən qonaqlar bu ilki məzunları səmimi qəlbdən təbrik edərək onlara gələcək həyat yollarında uğurlar arzuladılar. Vurğulandı ki, Zabil Əsgərov adına tam orta məktəb yalnız Neftçala rayonunda deyil, ölkə üzrə tanınan nüfuzlu təhsil müəssisələrindən biridir. Məktəb Respublika Fənn Olimpiadaları üzrə qalib sayına görə ölkə üzrə ilk onluqda yer alaraq böyük nailiyyət qazanıb. Bu uğur keyfiyyətli tədrisin, məqsədyönlü idarəetmənin və müəllim-şagird əməkdaşlığının bariz göstəricisidir.

Tədbir çərçivəsində səhnəyə çıxan məktəblilərin ifasında səslənən “Son zəng”, “Hamıdan gözəl mənəm”, “Məktəb illəri”, “Bəlkə də” kimi mahnılar tədbirə kövrək və nostalji ab-hava qatdı. Məzunların müəllimlərinə ünvanladıqları təşəkkürlər, uşaqlıq illərinə aid xatirələrlə dolu çıxışlar və vidalaşan baxışlarda gizlənən göz yaşları bir daha göstərdi ki, məktəb yalnız təhsil deyil, həm də həyat dərsi, yaddaşda silinməz izlər buraxan bir məkandır.

Eyni zamanda müəllimlərin zəhməti də unudulmadı. Tədris ilində yüksək nəticələr göstərmiş bir sıra müəllimlərə təşəkkürnamələr təqdim olundu. Bu, onların peşəkarlığına verilən dəyərin ifadəsi olmaqla yanaşı, digər müəllimlər üçün də ruhlandırıcı bir addım kimi dəyərləndirildi.

Xüsusi təşəkkürə layiq görülən müəllimlərdən biri də Azərbaycan dili və ədəbiyyat müəllimi Elnur Uğur Abdıyev oldu. O, mənim də sevimli müəllimim olub. Təkcə dərslərdə deyil, tədbirin təşkilində də şagirdlərə verdiyi motivasiya, ruh yüksəkliyi və dəstək ilə seçildi. Hazırlıq müddətində uşaqlara nəzarəti, diqqəti, əzmkarlığı və səmimiyyəti ilə fərqlənən Elnur müəllim təkcə pedaqoq deyil, həm də yol göstərən, inandıran, inam verən bir ziyalı obrazıdır. Onun tədbir boyu göstərdiyi qayğı və dəstək valideynlərin və kollektivin rəğbətini qazanmaqla yanaşı, məzunların qəlbində iz buraxdı.

Tədbirin sonunda məktəb həyətində simvolik bir an yaşandı – sülhün və azadlığın rəmzi olan ağ göyərçinlər səmaya buraxıldı. Bu mənzərə məzunların yeni həyata doğru ümid və arzularla qanad açmasının rəmzi olaraq tədbirə xüsusi mənəvi çalar verdi.

Bu yazının müəllifi olaraq mən – yazıçı-jurnalist Sevinc Salehqızı, ötən il məzunu olduğum bu doğma məktəbdən bu dəfə jurnalist qismində reportaj hazırlamağın verdiyi qüruru sözlə ifadə etməkdə çətinlik çəkirəm. Həm şagird, həm məzun, həm də qələm sahibi olaraq bu doğma ocağın bir parçası olmaq daim mənim üçün fəxr mənbəyi olacaq.











FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman