44GUN.ORG
2025-ci ilin 3-4 iyul tarixlərində Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının2 (ECO) 17-ci Zirvə görüşü sadəcə diplomatik bir tədbir deyildi. Bu, Azərbaycanın geosiyasi iradəsinin, iqtisadi baxışının və regional liderliyə iddialı strateji planlarının bir manifestinə çevrildi. Şəxsi prizmadan çıxış edərək demək istəyirəm ki, mənim üçün bu Zirvə, təkcə beynəlxalq əməkdaşlıq formatı yox, həm də Qarabağ həqiqətlərinin dünya miqyasında rəsmi olaraq aşılanmasının təsdiqi idi. Burada artıq yeni reallıqlar üzərində yeni iqtisadi üfüqlər açılırdı.Bəli tarix və siyasət məhz bu gün bir arada birləşməyi bacardı.
Xankəndi bu Zirvə görüşü ilə təkcə azadlıq rəmzi olmadı həm də gələcək inkişafın mərkəzinə çevrildi. Düşünün, illərlə düşmən təcavüzünün altında olan bir şəhər indi 10 ölkənin liderlərini, nazirlərini, investorlarını qəbul edir. Bu görüntü, həm tarixin ədaləti, həm də Azərbaycanın siyasi qətiyyətinin nəticəsidir. ECO Zirvəsi ilə Azərbaycan bir daha sübut etdi ki, dövlətimiz işğaldan azad etdiyimiz torpaqlarda təkcə həyat qurmaqla kifayətlənmir, eyni zamanda da orada regional iqtisadi mərkəz formalaşdırır.
İqtisadi inteqrasiyanın təməlinin bariz göstəricisini sözlə yox, əməllə təqdimat edirdi.
Zirvə zamanı səslənən "Dayanıqlı və İqlimə Davamlı Gələcək üçün Yeni ECO Vizyonu" şüarı təkcə ritorika deyildi. Zirvədə gördüyümüz kimi konkret məsələlər masaya qoyuldu, azad ticarət zonaları, nəqliyyat dəhlizləri, rəqəmsal transformasiya, yaşıl enerji. Mənim diqqətimi xüsusilə çəkən məsələ isə ECO Təmiz Enerji Mərkəzinin Bakıda yerləşməsi qərarı oldu. Bu addım Azərbaycanın enerji sahəsində regional liderliyini daha da gücləndirəcək. Xüsusilə Qarabağda həyata keçirilən "yaşıl zona" konsepsiyası burada nümunəyə çevrilə biləcəkdir.
İqlimə davamlılıq və yeni iqtisadi model də Zirvə çərçivəsində iqlim dəyişikliyi məsələsinə diqqət yetirilməsi olduqca ümidverici idi. Əgər əvvəllər bu mövzu ancaq Qərb konfranslarında müzakirə olunurdusa, indi ECO ölkələri öz gələcəklərini iqlimə davamlı modellərlə qurmağa başlayır. Pakistanın təklifi ilə "aşağı emissiyalı dəhlizlərin" yaradılması gündəmə gətirildi. Bu, həm ətraf mühitə hörmət, həm də yeni texnologiyalara açıq olmaq deməkdir.
Daha bir istiqamət isə nəqliyyat və logistika idi.
Zirvə zamanı əsas vurğulardan biri nəqliyyat dəhlizləri oldu. Azərbaycanın təşəbbüskar olduğu Zəngəzur dəhlizi və Böyük Orta Dəhliz layihəsi təkcə yük daşımaları üçün deyil, regionun siyasi və iqtisadi müstəqilliyi üçün vacib faktorlardır. Bunu belə düşünə bilərik: bu dəhlizlərlə təkcə mallar yox, həm də sabitlik, əməkdaşlıq və rifah ötürüləcəkdir.
Keçid alaq ən vacib faktorlardan biri və birincilərindən olan insan kapitalına, və bu yolda gənclərin və qadınların roluna nəzər salaq.
ECO Həftəsi çərçivəsində keçirilən Gənclər və Qadınlar Forumları isə Zirvəyə sosial-humanitar dəyər qatdı. Ağdam, Füzuli və Laçında təşkil olunan bu tədbirlər bir mesaj verirdi: region təkcə sərmayə və enerji üçün yox, həm də bilik, təhsil, sosial ədalət üçün bərpa olunur. Mənim üçün bu tədbirlər Qarabağın gələcəyində insan kapitalının əsas yer tutacağını göstərir.
Digər istiqamətlərdən biri isə geosiyasi mesajlar idi.
Zirvə eyni zamanda geosiyasi baxımdan da əhəmiyyətli oldu. İran və İsrail arasında atəşkəsə dəstək, nüvə silahlarının yayılmasına qarşı çağırışlar və multilateral əməkdaşlıq çağırışları ECO-nun təkcə iqtisadi yox, həm də sülh platforması rolunu oynadığını göstərdi. Bu, çoxqütblü dünyanın ehtiyac duyduğu regional balans modelidir.
Beləliklə qürurla deyə bilərik ki, Xankəndidən yüksələn səs bütün dünyaya yüksələn sülh, humanizm dolu bir cağırışdır və ECO Zirvəsi bir dönüş nöqtəsidir. Bu, Qarabağın artıq konflikt məkanı yox, əməkdaşlıq meydanı olduğunu sübut edir. Azərbaycanın diplomatik çevikliyi, iqtisadi strategiyası və mənəvi iradəsi sayəsində regionda yeni bir sabah qurulur. Xankəndidə bu sabahın ilk addımları atıldı.
Bəlkə də tarix bu günü belə qeyd edəcək. 2025-ci ilin iyulunda Xankəndidə regionun gözəl gələcəyi üçün olduqca vacib məsələlər müzakirə obyekti oldu.
Bir vətəndaş kimi bu zirvəni sadəcə diplomatik hadisə kimi deyil, öz kimliyimizə, tariximizə və gələcəyimizə verilmiş beynəlxalq bir dəyər kimi dəyərləndirdim. Xankəndidə keçirilən ECO Zirvəsi sübut etdi ki, Azərbaycan təkcə öz torpaqlarına deyil, regionun sabitliyinə, inkişafına və əməkdaşlıq ruhuna öz töhfəsini vermək istəyir.
Belə tədbirlər bizə təkcə siyasi qürur deyil, eyni zamanda böyük məsuliyyət dolu addımlardır. Qarabağ torpaqları bu gündən etibarən sadəcə bərpa edilən bölgə yox, həm də yeni ideyaların, yeni iqtisadi modellərin və beynəlxalq inteqrasiyanın real mərkəzinə çevrilməkdədir.
Və düşünürəm ki, bizlər də bu torpağın övladları olaraq, işğaldan azad edilən yurd yerlərini qorumaqla yanaşı, onların intellektual, iqtisadi və mədəni inkişafına da töhfə verməliyik. Bu, təkcə dövlətin işi deyil, eyni zamanda da hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
Zirvədən sonra səslənən sükut isı bir şey deyir: bu torpaqlarda silahlar deyil, ideyalar danışacaq. Bu isə gələcəyin ən səmərəli zəfəridir.
Nəhayət Məhəmməd qızı Şirinova.
ADPU-nun Quba filialı
Heydər Əliyev Lektoriyasının müdiri.