SON DƏQİQƏ

‘Tomrisin Varisləri’-“*Gülqədəm Mirzəzadə – susqun qadınların hayqırtısı*”

Tarix:Dünən, 22:53 Oxunub:64

44GUN.ORG

Neftçalanın qızmar günəşi altında yetişən bir qadın... Qəlbi torpağın nəfəsi, könlü xalqın səsi ilə yoğrulan bir insan... Gülqədəm Mirzəzadə – yalnız adı ilə deyil, əməli, duruşu, təmkini, zəhməti ilə yaşayan bir örnək. O, Neftçala torpağının sinəsində boy atan, zamanla iç-içə addımlayan, hər addımını xalqı üçün atan bir qadın obrazıdır.

1968-ci ilin mayında – çiçəklərin bol, baharın ürəyəyatımlı çağında Aşağı Qaramanlı kəndində dünyaya göz açdı. Hələ o zaman bu torpaq bir qadını böyüdürdü ki, illər sonra o qadın başqa qadınların taleyinə nur saçacaq. Çünki Gülqədəm Mirzəzadə sıradan biri deyildi – o, həm özünü, həm də cəmiyyətini dəyişmək əzmində olan qadın idi.

Əmək fəaliyyətinə mühasib kimi başlasa da, onun qəlbi rəqəmlərlə deyil, insan hissləri ilə hesablaşırdı. Zamanla gördü ki, cəmiyyətin ən incə, ən ehtiyaclı təbəqəsi qadınlardır – kənd qadını, alın təri ilə yaşayan, əziyyətlə böyüyən, susdurulmuş qadın. Və o, bu səssiz kütlənin hayqırtısına çevrildi.

Gülqədəm xanım “Neftçalada Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyini yaratdı. Sadəcə bir təşkilat qurmadı – bir fikir, bir qadın hərəkatı yaratdı. Onun rəhbərliyi ilə həyata keçirilən layihələr təkcə maarifləndirmə deyildi, həm də qadınların həyatına yeni nəfəs, yeni başlanğıc, yeni yol idi. Onun təşəbbüsləri ilə yüzlərlə qadın əl işlərini sərgilədi, sənət sahibi oldu, özünü ifadə etməyə başladı.
 

Bugün Gülqədəm xanım Neftçala Qadın Resurs Mərkəzinin də koordinatorudur. Amma vəzifə adları onun şəxsiyyətini tam ifadə edə bilmir. Çünki o, qadın üçün təkcə rəhbər deyil – həm yol yoldaşı, həm müəllim, həm də sirdaşdır. Onun simasında qadın “bacarırsan” sözünü yalnız dillə yox, əməllə eşidir.

Yazı-pozu ilə də məşğuldur Gülqədəm xanım. Onun şeirlərində həm sevgi, həm iztirab, həm də qadın varlığına dəyər aşılayan bir ruh var. “Sənsizliklə sınama” adlı şeiri Özbək dilinə tərcümə olunaraq digər türksoylu xalqlara da çatdırılıb. Bu, onun nəinki yerli, həm də beynəlxalq ədəbi çevrədə görünən bir qadın olduğunun sübutudur.

Onun fəaliyyəti və fədakarlığı dövlət tərəfindən də dəyərləndirilib. Prezident təqaüdünə layiq görülüb, “Tərəqqi” medalı ilə təltif olunub. Amma onun üçün ən böyük mükafat nə rəsmi sənəd, nə də medal deyil – bir qadının təşəkkür dolu baxışı, bir gənc qızın “mən də edə bilərəm” deməsi onun üçün ən ali təltifdir.

Gülqədəm xanımın yolu təkcə bir fərdin mübarizəsi deyil – o, yüzlərlə qadının ümididir. Onun hekayəsi susan qadınların danışmağa, qorxan qadınların cəsarət tapmağa başlaması deməkdir.


Bəli, Gülqədəm Mirzəzadə sadəcə bir qadın deyil – o, bir mövqedir. Bir iradənin, bir inamın, bir dəyişikliyin simasıdır. Tomrisin döyüşkən ruhu bu gün Gülqədəmin qələmi ilə yaşayır. Əgər Tomris qılınc tuturdusa, Gülqədəm xanım könül tutur, qadın tutur, cəmiyyət tutur.

O, bu gün “Tomrisin varisləri” sırasında olmalıdır. Çünki Tomrisin qılıncı ilə bu günün qələmi arasında körpü quran qadınlar varsa, onların içində mütləq Gülqədəm Mirzəzadənin adı yazılmalıdır – həm də böyük hərflərlə!
SEVİNC SALEHQIZI

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman