SON DƏQİQƏ

Qərbi Azərbaycan Gəncləri: Mədəniyyətin Qoruyucuları və Yenilikçiləri.

Tarix:14-07-2025, 00:36 Oxunub:199

44GUN.ORG

​​​​Tarix hər millətin yaddaşı, mədəniyyət isə onun ruhudur. Azərbaycan xalqı üçün Qərbi Azərbaycan – sadəcə bir coğrafi məkan deyil, yüzilliklərlə yaşadığı, mədəniyyət yaratdığı, ruhunu formalaşdırdığı torpaqlardır. Göyçə, Zəngəzur, İrəvan, Vedibasar – bu adlar hər bir azərbaycanlının ürəyində kök salmış, yaddaşımıza iz buraxmış müqəddəs yurtlardır. Lakin XX əsrin geosiyasi təlatümləri nəticəsində bu torpaqlar bizdən zorla alındı, soydaşlarımız dəfələrlə etnik təmizləmələrə məruz qaldı, mədəni izlərimiz silinməyə çalışıldı.
Bu gün Azərbaycan dövləti tarixdə buraxılmış bu ədalətsizliklə barışmır. Prezident İlham Əliyevin qətiyyəti ilə Qərbi Azərbaycan məsələsi artıq ölkənin daxili tarixi problemi olmaqdan çıxaraq beynəlxalq siyasi gündəmə çevrilib. Dövlət başçısının "Biz Qərbi Azərbaycana qayıdacağıq" bəyanatı təkcə ümid deyil – bu, hüquqi əsaslara söykənən, strateji və milli maraqlara bağlı bir yol xəritəsidir.
Qərbi Azərbaycan təkcə torpaq deyil, itirilmiş mədəniyyətin, dağıdılmış məscidlərin, susdurulmuş sazın və unudulmağa qoyulmuş yaddaşın adıdır. Orada ucaldılan türbələr, elat toyları, sazlı-sözlü məclislər Azərbaycan ruhunun bir hissəsi idi. Bu itkilərlə barışmaq – bütöv millətə qarşı edilmiş haqsızlığa susmaq deməkdir.
Böyük Qayıdış bu gün ideoloji və mənəvi mübarizənin mərkəzindədir. Mədəniyyət Nazirliyi, QHT-lər və vətəndaş cəmiyyəti artıq bu prosesdə fəal iştirak edir. Beynəlxalq tribunalarda bu məsələnin qaldırılması, siyasi və hüquqi sənədlərlə mövcud arqumentlərin müdafiəsi, Böyük Qayıdışın əsasını təşkil edir.
Ən önəmlisi isə – bu yolda gənclərin fəal iştirakıdır. Onlar bilməlidirlər ki, Qərbi Azərbaycan onların da ruhunun, dilinin, mədəniyyətinin tərkib hissəsidir. Qayıdış yalnız fiziki anlam daşımır – bu, eyni zamanda kimliyə dönüş, yaddaşın oyanışı, milli ruhun dirçəlişidir.
Azərbaycan bu gün Xankəndidə beynəlxalq sammitlər keçirə bilirsə, sabah Zəngəzurda və İrəvanda da milli varlığını ifadə edə biləcək siyasi və mədəni gücə sahib olacaq. Bu, sadəcə siyasi bəyanat deyil – bu, inamın və dövlətin iradəsinin ifadəsidir. Qərbi Azərbaycana qayıdış – bu millətin haqq səsi, tarixi cavabıdır. Bu, susdurulmuş bir tarixin danışmağa başlamasıdır. Bu gün başlayır və sabah mütləq nəticəsini verir.

Mədəniyyətin  İncəsənətin İnkişafı  Və  Təbliği  İB -in Sədri.
TURANƏ ORUCOVA

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman