SON DƏQİQƏ

MİLLİ OYANIŞIN BAŞLANĞICI – 14 İYUL

Tarix:14-07-2025, 16:38 Oxunub:335

44GUN.ORG

​​​​“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycan xalqına xidmət etmişdir və bundan sonra da edəcəkdir.”
                                                  Heydər Əliyev!
Azərbaycanın XX əsr tarixinə nəzər saldıqda bir şəxsiyyətin böyüklüyü və missiyası bütöv bir dövrə bərabər görünür.
 Bu, dahi siyasətçi və fenomenal lider, xalqımızın ümummilli lideri Heydər Əliyevdir. 14 İyul 1969-cu il isə bu tarixin taleyüklü dönüş nöqtəsidir. Hər kəsə məlum olduğu kimi məhz həmin gün Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Birinci katibi seçilərək, ölkəmizin rəhbəri oldu və Azərbaycanı tənəzzüldən inkişaf yoluna çıxardı.
Bu gün yalnız bir siyasi təyinat günü deyil. Bu gün Azərbaycan xalqının tarix səhnəsində yenidən ayağa qalxdığı, milli özünüdərkin, dirçəlişin, inkişafın başlandığı gündür. 14 iyul tarixinin arxasında xalqın məfkurəvi oyanışı, iqtisadi dirçəliş və milli dövlətçilik təfəkkürünün formalaşması dayanır.
 Heydər Əliyevin hakimiyyətə gəlişi böyük dönüş kimi tarixə həkk olundu. 
1960-cı illərin sonlarında Azərbaycan Sovet İttifaqının tərkibində iqtisadi və ictimai baxımdan geridə qalmış bir respublika idi. Korrupsiya, idarəetmədə səriştəsizlik və milli kimliyə qarşı laqeydlik bu torpağın gələcəyini sual altına alırdı. Məhz belə bir çətin zamanda Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi xalqı xilas yoluna çıxardı.
O, qısa müddətdə respublikanın bütün istiqamətlər üzrə dirçəlişini təmin etdi. Sənaye və kənd təsərrüfatı sahələrində keyfiyyətli yüksəliş baş verdi, yeni zavod və fabriklər istifadəyə verildi. Təhsil, elm, mədəniyyət və səhiyyə sistemləri əsaslı şəkildə yenidən quruldu. Ən əsası isə, azərbaycançılıq ideologiyası bu dövrdə Heydər Əliyev tərəfindən məfkurə səviyyəsinə yüksəldildi.
 Milli ideologiyanın təməlini qoyan ümummilli lider Heydər Əliyev milli kimlik məsələsinə yanaşmada təkcə mədəni deyil, siyasi baxımdan da önəmli addımlar atdı. O, Azərbaycanın ziyalılarını cəmiyyətin aparıcı təbəqəsi kimi önə çəkdi. Bakı Dövlət Universiteti kimi elm ocaqlarının fəaliyyətini gücləndirdi, bölgələrdə təhsil ocaqları açılmasına şərait yaratdı.
Onun bir fikri bu mərhələnin fəlsəfəsini çox gözəl izah edirdi:
“Bizim milli sərvətimiz, ən böyük sərvətimiz  milli-mənəvi dəyərlərimizdir.”
Gəlin daha fərqli bir istiqamətə nəzər salaq. 14 İyul müasir mənası! 
Bu gün,müasir və müstəqil Azərbaycanın hər bir uğuru, Heydər Əliyev dühasının bəhrəsidir. Azərbaycanın bugünkü güclü dövlətçiliyi, beynəlxalq arenada nüfuzu, iqtisadi inkişafı və ordu quruculuğu, 1969-cu ildən başlanan o strateji baxışın nəticəsidir. 14 İyul – Ulu Öndərin hakimiyyətə gəlişi günü, tarixdə yalnız bir idarə dəyişikliyi deyil, xalqın tale seçimidir.
Müasir dövrdə bu tarix bizə həm də milli özünüdərk, dövlətçilik şüurunun vacibliyini xatırladır. Hər bir vətəndaş, xüsusən də gənc nəsil bu günün arxasındakı ideya gücünü və milli iradəni dərk etməlidir.
 Çox istərdim reqionun yeqanə Ali Təhsil məkanı olan ADPU-nun Quba filialının  ən mütərəqqi missiyasından, mirası yaşadan missiyadan söz açım. 
ADPU- nun Quba filialı təkcə ali təhsil müəssisəsi deyil, eyni zamanda Ulu Öndər Heydər Əliyev ideologiyasının daşıyıcısı və təbliğatçısı olan mühüm maarif ocaqlarından biridir. Filialda hər bir tədris ili, hər bir təqvim mərhələsi məhz Heydər Əliyev irsinin dərin şəkildə təhlili və gənc nəslə aşılanması məqsədilə planlaşdırılır və həyata keçirilir.Filialda bu istiqamətdə fəaliyyət göstərən Heydər Əliyev Lektoriyası, filialın ideoloji mərkəzi olmaqla, ulu öndərin siyasi irsinin sistemli şəkildə öyrənilməsi, tədqiqi və gənclərə çatdırılması missiyasını daşıyır. Lektoriyada keçirilən mühazirələr, elmi-praktik seminarlar, konfranslar və tematik dəyirmi masalar, tələbələrin yalnız nəzəri bilik deyil, həm də milli düşüncə tərzi formalaşdırmasına xidmət edir.
ADPU-nun  Quba filialının direktoru, hörmətli professor Yusif Alıyev Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsini dərindən mənimsəmiş və onu təhsil sisteminə inteqrasiya etmiş ziyalı rəhbərdir. Onun rəhbərliyi ilə filialda təkcə rəsmi tədbirlər deyil, həm də sistemli şəkildə maarifləndirici və araşdırma yönümlü fəaliyyətlər həyata keçirilir. Professor Yusif Alıyevin təşəbbüsü ilə Heydər Əliyev irsinin tədqiqinə həsr olunmuş tədbirlər, konfranslar, elmi seminarlar, tələbə elmi işləri, təqdimatlar və innovativ layihələr təşkil olunur.
Rəhbərlik tərəfindən filialın bütün struktur bölmələrinə bu ideoloji xəttin əsas hədəf kimi aşılanması təmin olunur. "Heydər Əliyev ili" çərçivəsində keçirilən tədbirlər və panellər məhz Yusif müəllimin strateji baxışının və milli mövqeyinin bariz nümunəsidir. Filialda keçirilən “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi”, “Heydər Əliyev və təhsil islahatları”, “Ulu Öndər və regionun  inkişafı” kimi mövzulu ustad dərsləri rəhbərliyin təşviq etdiyi yüksək milli ruhun göstəricisidir.
Mən də xüsusi qürur və sevinc hissi ilə qeyd edirəm ki, bu gün ADPU-nun Quba filialında məhz Ümummili Liderimizin adını daşıyan Heydər Əliyev Lektoriyasında fəaliyyət göstərir və dahi şəxsiyyətin ideyalarının təbliği ilə məşqul oluram. 
Biz hər zaman qürurla deyə bilərik ki, Azərbaycan xalqının taleyində iki dəfə xilaskar kimi çıxış etmiş  ulu öndərimiz ümummili lider Heydər Əliyev daim xatirələrimizdə yaşayacaqdır. 
14 iyul tarixi isə  bu millətin tarixinə vurulan bir möhürdür. Bu gün bizə həm keçmişimizi, həm də gələcəyimizi dərk etməyə  sövq edir. 
“Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” deyən dahi liderimizlə Allahdan qəni - qəni rəhmət diləyir, onun şah əsəri olan müasir və müstəqil Azərbaycanımıza daha ali zəfərlər və gözəl rifah arzu edirəm!

Nəhayət Şirinova ,
ADPU Quba filialı, Heydər Əliyev Lektoriyasının müdiri.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman