SON DƏQİQƏ

Vətən sevgisi elə bir ülvi duyğudur ki, onu sözlərlə tam izah etmək çətindir.

Tarix:6-08-2025, 10:55 Oxunub:201

44GUN.ORG

Bu sevgi, bəzən doğma torpağın qoxusunda, bəzən səngərdə əsən soyuq küləkdə, bəzən də döyüş yoldaşının qardaşca baxışında gizlənir. Torpaq uğrunda canından keçməyə hazır olmaq isə ən böyük mərdlik, ən ali insanlıq borcudur. Xalqımız tarix boyu igid oğullarının sinəsi, qolu və canı hesabına var olmuş, dövlətini, şərəfini, azadlığını qorumuşdur.
Belə oğulların ömür yolu, hər addımı, hər nəfəsi Vətənə bağlıdır. Onlar üçün həyatın mənası azad, müstəqil, qalib Azərbaycanı görməkdir. Onlar ömrünü illərlə səngərdə, dağlarda, odun-alovun içində keçirsə də, bir an belə yorulmazlar. Çünki bu yol Vətən yoludur.
Bu igidlərdən biri də 51 illik ömrünün 30 ilini hərb meydanına həsr etmiş Palkovnik Zakir Həbib oğlu Rəhimov dur. 
Şərəfli, qürurlu lakin qısa ömür yolu ilə seçilən Vətən oğlu haqqında onun ruhuna sərinlik gətirəcək bir müsahibə üçün səfərbər olduq. Tanıyanlara bir daha xatırlatmaq, tanımayanlara isə bu şərəfli tale haqqında məlumat vermək üçün. 
Müsahibimiz isə Polkovnikin Qızı Esmira xanımdır. Esmira Zakir qızı Hüseynova ilə görəşərək hərb səlnaməsində xüsusi izi olan qəhrəmanımızın ömür yoluna ekskursiya edirik. 
 Polkovnik Zakir Rəhimov Azərbaycan Ordusunun fədakar zabitlərindən biri kimi tariximizdə özünə əbədi yer qazanmışdır. Onun həyat yolu, döyüş meydanlarında göstərdiyi rəşadət və Vətən sevgisi, gənc nəslə əsl nümunədir.
Zakir Rəhimov 1950-ci il oktyabr ayının 29-da Bakının Kürdəxanı qəsəbəsində anadan olub. 1967-ci ildə Bakının  Yasamal  rayonundakı 31 saylı orta məktəbi, 1972-ci ildə isə Politexnik İnstitutunu  bitirir. 
1972-1974-cü ildə Sovet ordusunda xidmət edən Zakir bundan sonrakı taleyini birdəfəlik hərb sənətinə bağlayır. 
1974-1976-ci illərdə Tbilisi Ali Hərbi Artilleriya Məktəbində təhsil aldıqdan sonra 1976-1981-ci illərdə zabit kimi Almaniyada xidmət edir. 
1986-cı ildə Leninqrad Ali Hərbi Akademiyasını bitirərək ən yüksək bilgilərə yiyələnir. 
1981-1990-cı illərdə Uzaq Şərqlə-Vladivastok yaxınlığındakı SSRİ-Çin sərhəddində xidmət edir. 
Lakin Dağlıq Qarabağ hadisələrinə Azərbaycanımızdan kənarda xidmət edən bir çox təəssübkeş, qeyrətli Vətən oğulları kimi Zakir Rəhimov da biganə qala bilmir. 
Doğma torpaqlarımızı erməni təcavüzündən qorumaqda Azərbaycan xalqına yardımçı olmaq, öz zəngin hərb təcrübəsini  bu müqəddəs işə sərf etmək  istəyi onu 1990-cı ildə Bakıya gətirdi. 
Polkovnik Zakir Rəhimov Azərbaycan Milli Ordusunun formalaşmasında, təşəkkül tapmasında  yaxından iştirak edir. Belə ki, 1991-ci ildə Şıxov qəsəbəsində yaradılan ilk Milli Ordu hissəsinin - motoatıcı botalyonun komandirinin müavini vəzifəsi Ona həvalə olunur. 
1991-1995-ci illərdə Ağdam, Laçın, Kəlbəcər, Ağdərə, Tərtər və Fizuli bölgələrində gedən döyüşlərin İştirakçısı olur. O, 1992-ci ildə Kəlbəcərin Ağdaban, Narışdar, Söyüdlü, İstisu kəndləri uğrunda gedən döyüşlərdə yüksək əzmkarlıq, qətiyyət göstərir. Xüsusən ermənilərin Ağdaban kəndinə hücum edərkən  Polkovnik Zakir Rəhimov özü şəxsən əsgər və zabitlərlə çiyin-çiyinə dayanıb, İki gün davam edən bu qanlı çarpışmada yüksək döyüş şücaəti göstərərək düşmənin geri oturdulmasına rəhbərlik edir. 
Əsərlər döyüşlərdə Polkovnik Zakir Rəhimov ilə birlikdə olanda həmişə mübariz əhval ruhiyyə də olurdular. Onun qətiyyətli mövqeyi, əzmi ətrafındakılara da sirayət edirdi. Onlar inanırdılar ki, istənilən döyüşdə polkovnikin rəhbərliyi onları qələbəyə doğru aparacaq. 
Böyük ürək sahibi olan Polkovnik Zakir Rəhimov  ömrünün müdrikliyə qədəm qoyan çağında bizləri tərk etdi, özü də elə ürəyinə sığışdırdığı hisslərin, iztirabların doğurduğu fəsadlar üzündən deyə xatirələrini yekunlaşdırdı Esmira xanım. 
Amma bir təsəllisi var, onun ömrü  Vətən sevgisinin, əsgər qeyrətinin, vətənpərvərliyin canlı nümunəsi kimi qiymətləndirir Zakir Rəhimovu. Vətən onun üçün  sadəcə yaşadığı torpaq deyil, uğrunda can qoymağa dəyən müqəddəs dəyər idi deyir... 
Palkovnik Zakir Həbib oğlu Rəhimovun həyat yolu bizə bir daha sübut edir  ki, Vətənə sevgi sözlə deyil, əməllə ölçülür. O, gəncliyini, gücünü, ömrünün ən gözəl illərini Azərbaycan torpaqlarının müdafiəsinə sərf etdi. Döyüş meydanlarında qazandığı şərəfli ad və xalqın qəlbində tutduğu yer hər hansı orden və ya medaldan daha qiymətlidir.
Bu gün qalib Azərbaycanın hər bir vətəndaşı bilir ki, belə oğullarımız olduğu müddətdə Vətənimiz daim güclü, sərhədlərimiz toxunulmaz, bayrağımız ucalarda dalğalanacaq.
Zakir Rəhimov kimi qəhrəmanlarımızın xatirəsi isə gələcək nəsillərin yaddaşında, Vətən tarixinin şərəfli səhifələrində əbədi yaşayacaq.
Qəhrəmanlar unudulmur – onlar Vətənin qəlbində əbədi yaşayarlar!
Ruhun şad olsun Palkovnik!
Nəhayət Şirinova 
VETENİM-AZERBAYCANDİR.AZ redaktoru Azərbaycan jurnalistlər birliyinin üzvü.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman