44GUN.ORG
Dörd il əvvəl şəhadət zirvəsinə ucalan, Azərbaycanın bütövlüyü uğrunda canından keçən Vətən oğlu Şəhid Vahid Məcnun oğlu Baxşıyevin Anım Günüdür. Müqəddəs ruhu qarşısında baş əydik. Hər dəfə bu evin qapısı açıldıqda insan ilk olaraq Mehri xalanın o sarsılmaz iradəsini, ana qədər yanan ürəyini, amma ana qədər də uca mərdliyini görür. Sözün ən böyük və ən ağır yeri elə burdadır: bir ana həm yasını yaşayır, həm də oğlunun qəhrəmanlığı ilə qürur duyur.Zəfərin işığında və şəhadətin kölgəsində olan müqəddəs ömür yolu.
44 günlük Vətən müharibəsinin hər günü Azərbaycan xalqının yaddaşında həm qürur, həm də nisgillə yazılıb. Bu qələbə otuz illik ağrıların, göz yaşlarının, həsrətin üzərində yüksəldi. Hər qarış torpağın geri alınmasında minlərlə oğulun qanı, nəfəsi, son baxışı var. Bir tərəfdə illərin arzusunun gerçəkləşməsi, bir tərəfdə minlərlə evin sönən ocağı…
Bizim gülüşümüzün kölgəsində şəhid analarının göz yaşları, qələbəmizin arxasında Vahid kimi yüzlərlə igidin son nəfəsi dayanıb. Bu gün xatırladığımız qəhrəmanlardan biri də Bayoba kəndinin mərd oğlu, Vətən mücahidi Vahid Baxşıyevdir.
Bir xalqın, bir millətin, kəndin, bir bölgənin Şəhadət zirvəsinə ucalan övladı.
Vahid 17 may 1999-cu ildə Xaçmaz rayonunun sadə, zəhmətkeş bir ailəsində – Məcnun kişinin ocağında dünyaya gəlib. Bu evdə halal çörək, əməyə hörmət, torpağa sədaqət hökm sürüb. Mehri xalanın səmimi, təmiz ana sevgisi ilə böyüyən Vahid tərbiyəsini evdən, mərdliyini Vətəndən aldı.
Uşaqlığı Bayoba kəndində məktəbinin siniflərində keçdi. Nə qədər kiçik yaşlarından idi, amma qalib ruhu onda erkən özünü göstərirdi. Oxumağı sevirdi, amma Vahid üçün hərbçi olmaq başqa bir duyğuydu o, torpağı qorumağı özünə borc bilirdi. Bəlkə də bu borc hissi onu son nəfəsinə qədər alıb apardı.
Vətən çağırırdı....
Hər bir azərbaycanlı oğul kimi Vahid də çağırışa hazır idi. Həqiqi hərbi xidmət onun üçün sadəcə bir vəzifə deyildi bu, şərəf idi. Vətən müharibəsi başlayanda isə Vahid artıq əsgər kimi deyil, qəhrəman kimi ön xətdə idi. Sentyabrın 27-si başlayan müharibə onu Suqovuşana apardı ağır döyüşlərin, ən sərt sınaqların olduğu bölgəyə.
Vahid Baxşıyev Suqovuşanın azadlığı uğrunda vuruşdu, millətin namusunu qorudu, torpağın qisasını aldı.
2020-ci il oktyabrın 30-da elə bu günün acı tarixlərindən biri kimi Goranboyun Tap Qaraqoyunlu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid oldu. O, son anına qədər döyüş yoldaşlarının yanında, tapşırığın mərkəzində və Vətənin ön xəttində idi.
Qəhrəmanın ömrü unudulmayan ömür yolu, şəhidlik isə sevilməyin ən ali mərtəbəsidir. Vahid də bu ucalığa yüksəldi. Onun göstərdiyi igidlik və şücaət Azərbaycan dövlətinin ali təltifləri ilə qiymətləndirildi:
"Vətən uğrunda" medalı
"Cəsur döyüşçü" medalı
"Suqovuşanın azad olunmasına görə" medalı
Bu medallar sadəcə metal deyil, bir ömrün, bir şərəfin, bir torpaq sevgisinin simvoludur.
Qəhrəmanların yetişməsində isə onların ailələri, ata və analarının əvəzsiz rolu vardır.
Bu gün Mehri xalanın qarşısında dayanmaq sözlərlə ifadəsi çətin olan bir duyğudur. Bir ana ki, oğul acısını yaşayır, amma dik dayanmağı bacarır… Bir ana ki, oğlunun şəhidliyindən güc alır, “O, Vətən üçün getdi” deyərək ürəyinə təskinlik tapır. Bu ailənin hər üzvü Vahidin qürurunu daşıyır, onun adını yaşadır. Məcnun dayı başını uca tut, Sən belə qəhrəman oğul atasısan deməklə təsəlli tapırıq, qardası Mahir isə hər anında qəhrəman qardaşı ilə qürur duyur.
Onların duruşunda bir xalqın duruşu var. Onların sükutunda bir millətin harayı, bir o qədər də qüruru gizlidir.
Şəhidlər haqqındakı hər yazı, hər xatırlatma əslində bizim borcumuzdur. Bu gün Vahidin 5 illik şəhadətinin ildönümündə onun həyat yoluna bir daha nəzər salmaq, onu tanıtmaq və yaddaşlara həkk etmək həm mənəvi məsuliyyət, həm də vətəndaşlıq şərəfidir.
O, doğulduğu kənddən çıxıb bütün Azərbaycanın oğlu oldu. Ruhunun nuru bu torpağın hər qarışına düşdü. Biz həm bu gün, həm də hər zaman Vahid Baxşıyevi xatırlayacağıq. Çünki torpağın azadlığı, xalqın qüruru, bir millətin başucalığı onun kimi oğulların şəhadətindən keçir.
Ruhun şad olsun, Şəhid Vahid Baxşıyev!
Sənin ömrün qısa oldu, amma izlərin əbədidir.
Ruhun şad olsun Vahid!
Nəhayət Şirinova
ADPU-nun Quba filialı
Heydər Əliyev Lektoriyasının müdiri