44GUN.ORG
2020-ci ilin payızı Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri kimi yaddaşlara yazıldı. Otuz ilə yaxın davam edən işğal, pozulmuş hüquqlar, dağıdılmış şəhərlər, talan edilmiş mədəni irs və sürgün olunan yüz minlərlə insanın acısı artıq millətin ruhunda daşınmaz bir yükə çevrilmişdi. Lakin 44 günlük Vətən müharibəsi yalnız torpaqların azad olunması deyildi bu, Azərbaycan xalqının milli iradəsinin, dövlətçilik idealının, siyasi liderliyinin və ordu gücünün bərpası, haqqın və ədalətin zəfəri idi.Bu gün həmin tarixi zəfərin 5-ci ildönümünü qeyd edərkən, həm qazanılan uğurları, həm də bu uğurların milli kimliyimizdə yaratdığı dönüş nöqtəsini elmi və analitik aspektlərini yenidən nəzərdən keçirmək vacibdir.
Əvvəlcə müharibənin tarixi-siyasi kontekstinə nəzər salsaq ilk olaraq
İllərlə davam edən işğal və beynəlxalq hüququn pozulması yada düşür.
1993-cü ildən etibarən Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamış, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə baxmayaraq, işğala son qoymaqdan imtina etmişdi. Bu müddətdə bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmiş,
900-dən çox yaşayış məntəqəsi dağıdılmış,
Xocalı soyqırımı insanlıq tarixində xüsusi faciə olaraq qalmış,
mədəni, dini, tarixi abidələr məhv edilmiş,
diplomatik danışıqlar isə isə nəticəsiz qalmışdır.
Bu, regionda balansı pozan davamlı gərginliyin başlıca səbəbi idi.
Gəlin yeni geosiyasi reallıqlar və Azərbaycanın yüksəlişinə də bir ekskurs edək.
2003–2020-ci illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm iqtisadi, həm siyasi, həm də hərbi sahədə güclənərək müstəqil dövlətçilik modelini möhkəmləndirdi. Bu dövrdə, orduya rekord səviyyədə investisiya yatırıldı. O, cümlədən
Silahlı Qüvvələr NATO standartlarına uyğunlaşdırıldı, regional enerji və nəqliyyat layihələri Azərbaycanın siyasi çəkisini artırmış oldu,
Diaspora və informasiya diplomatiyası sistemli şəkildə inkişaf etdirildi.
Bu amillər Azərbaycanın 2020-ci ildə müharibəyə tam hazır olmasının əsas zəminini yaratdı.
44 Günlük Vətən Müharibəsinin əsas strateji analizi, müharibənin başlanması idi.
27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı Azərbaycanın əks-hücum əməliyyatını zəruri etdi. Bu tarix yalnız hərbi əməliyyatların startı deyil, həm də milli iradənin yenidən formalaşması idi.
Döyüşlərin coğrafiyası və hərbi strategiyanın özəllikləri, həm də müharibə dövründə Azərbaycan ordusunun
Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlını azad edərək cənub istiqamətində sürətli irəliləyiş əldə etməsi, eyni zamanda
Murovdağı və Şuşa kimi strateji yüksəklikləri ələ keçirərək döyüş taleyini dəyişmiş oldu.
Pilotsuz uçuş aparatları və kəşfiyyat texnologiyalarından istifadədə yeni hərbi model formalaşdırdı.
Xüsusi Təyinatlı Qüvvələrin koordinə olunmuş əməliyyatları ilə qarşı tərəfi həm texniki, həm də psixoloji üstünlüklə üstələdi.
Şuşa əməliyyatı isə müharibənin həlledici məqamı kimi tarixə həkk olundu.
Şuşanın azadlığı hərbi tarixdə analoqları az olan döyüş taktikasının nəticəsi idi. Çətin relyef, əlverişsiz hava şəraiti və düşmənin betonlaşdırılmış mövqelərinə baxmayaraq, Azərbaycan xüsusi təyinatlıları misilsiz peşəkarlıq göstərdilər. Şuşa əməliyyatı yalnız hərbi qələbə deyil, həm də mənəvi qayıdış idi çünki Şuşa Azərbaycan mədəniyyətinin, musiqisinin, intellektual irsinin beşiyidir.
10 noyabr bəyanatı Ermənistanın kapitulyasiyası ilə sonlandı. Belə ki,
10 noyabr 2020-ci il bəyanatı Ermənistanın faktiki kapitulyasiyası idi. Bu sənəd nəticəsində Agdam, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan geri qaytarıldı,
Bölgədə yeni regional təhlükəsizlik nizamı formalaşdırıldı,
Cənubi Qafqazda nəqliyyat-kommunikasiya dəhlizlərinin açılması perspektivi yarandı.
Zəfərin Milli Kimliyə və Dövlətçilik İdeologiyasına təsiri isə belə səciyyəlındi.
Cəmiyyətin psixoloji dirçəlişi başladı.
Müharibədən sonra milli özünüdərk, dövlətçilik ruhu və birlik fenomeni gücləndi. Xalq-ordu-prezident birliyi strateji həlledici amilə çevrildi. Zəfər, uzun illərin travmasını sağaltmağa və cəmiyyətin özünə inamını bərpa etməyə imkan verdi.
Azərbaycan ordusunun regional güc kimi tanınması prioritet oldu.
44 günlük müharibə Azərbaycanın hərbi elmi və strateji təfəkkürünün regionda yeni nümunəyə çevrildiyini sübut etdi. Müharibə həm də XXI əsr döyüş taktikaları haqqında akademik müzakirələrin predmetinə çevrildi.
Siyasi liderlik və qlobal diplomatiya bütün cahana səs saldı.
Prezident İlham Əliyevin müharibə dövründə apardığı kommunikasiya strategiyası, diplomatik fəallığı və beynəlxalq mediaya verdiyi çoxsaylı müsahibələr informasiya müharibəsində tam üstünlük yaratdı. Bu, XXI əsr dövlət rəhbərliyinin yeni modelini formalaşdıran nümunələrdən biri hesab olunur.
İşğaldan azad olunan ərazilərdə isə bərpa və Böyük Qayıdış prosesinə start verildi.
Minatəmizləmə və təhlükəsizlik mərhələsi ilkin başlanğıc idi.
Müharibədən sonra Ermənistan tərəfindən milyonlarla mina və partlamamış hərbi sursatın qoyulması bərpa prosesinin çətinliklərini artırsa da, Azərbaycan bu istiqamətdə müasir texnologiyaların tətbiqini genişləndirdi.
“Ağıllı şəhər”, “Ağıllı kənd” modelləri elə məhz bu torpağlarda ilk olaraq reallaşdı.
Füzuli, Zəngilan, Cəbrayıl və Laçında həyata keçirilən layihələr Qarabağı dünyanın ən müasir inkişaf zonalarından birinə çevirmək niyyətinin göstəricisidir. Bu isə post-münaqişə bərpası sahəsində nümunə kimi təqdim edilir.
Köçlərin başlanması isə tarixi ədalətin bərpasının görünən üzü oldu.
Məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı yalnız sosial proses deyil, həm də mənəvi reabilitasiyadır. Bu qayıdış tarixi ədalətin bərpası kimi qəbul edilir.
Zəfərin 5 illik tarixi perspektivini bu gün daha fərqli dərk edərək qeyd etmək istəyirəm ki, beş il keçdikdən sonra 44 günlük Vətən müharibəsinin nəticələri həm regional, həm də qlobal miqyasda analiz edilir. Azərbaycana məxsus əsas üstünlükləri isə əsasən regional güc balansının dəyişməsi, Ermənistanın revanşizm planlarının tam iflası, Qarabağın 2023-cü ilin sentyabrında tam suverenliyə qovuşması,
yeni nəqliyyat və logistika xəritəsinin formalaşması eyni zamanda da Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığının güclənməsi, Şuşanın Türk dünyasının mədəni paytaxtına çevrilməsi ilə tarixdə iz qoymuş oldu.
Onu da qeyd edim ki, bütün bunlar Azərbaycanın Cənubi Qafqazda liderliyini daha da möhkəmləndirir.
44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qürur zirvəsi, milli reallığımızın yenidən formalaşma mərhələsi, dövlətin və xalqın sarsılmaz iradəsinin manifestidir. Bu zəfər yalnız XX və XXI əsr Azərbaycanının deyil, bütövlükdə Türk dünyasının şanlı qalibiyyət salnamələrindən biri kimi hər zaman bəhs edilən əvəzolunmaz hadisə olacaqdır.
Beş il əvvəl qazanılan bu qələbə bu gün də milli kimliyimizin mayakı, dövlət siyasətimizin strateji dayağı və gənc nəslin vətənpərvərlik idealıdır.
Bu zəfər şanlı tariximizdir. Bu zəfər Azərbaycan xalqının birliyinin, haqqın və ədalətin qələbəsidir.
Fəxr edirik ki, qalib, Zəfərli Azərbaycanın azad vətəndaşlarıyıq.
Zəfərin əbədi olsun Azərbaycanım!
Nəhayət Məhəmməd qızı Şirinova.
ADPU-nun Quba filialı Heydər Əliyev Lektoriyasının müdiri.