SON DƏQİQƏ

QUBANIN FOTO YADDAŞI-NAZİM MƏMMƏDOVUN 70 İLLİK MÜDRİKLİK YAŞI

Tarix:1-12-2025, 20:23 Oxunub:246

44GUN.ORG

​​​​Bu gün  tanınmış foto-müxbir, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Quba bölgəsinin vizual tarixini yarım əsrə yaxındır sənədli şəkildə yaşadan Nazim Məmmədovun 70 yaşı tamam olur.
Qırx beş ildən artıqdır ki, Qubanın ictimai, mədəni, sosial və tarixi həyatını fotoobyektivində əbədiləşdirən Nazim Məmmədov bu gün həm media ictimaiyyətinin, həm mədəniyyət adamlarının, həm də qubalıların böyük hörmət və ehtiram bəslədiyi bir sənətkar kimi tanınır. Onun çəkdiyi minlərlə fotoşəkil artıq bölgənin qeyri-rəsmi salnaməsinə çevrilib.
Sənətə bağlılığın 45 illik tarixçəsini ekskursiya edəcəyik bizim Nazim müəllimin. 
Nazim müəllimin peşəkar fəaliyyətinə nəzər saldıqda aydın görünür ki, o, fotoaparatı yalnız hadisələri qeydə almaq üçün deyil, həm də bir bölgənin ruhunu, insanlarının həyat tərzini, mədəni irsini gələcək nəsillərə ötürmək üçün istifadə etmişdir. Onun arxivində Qubanın keçmiş 40–50 ilinin ən mühüm hadisələrini əks etdirən fotolar toplanmışdır.
Respublikanın müxtəlif informasiya agentlikləri və mətbu orqanları uzun illər Quba ilə bağlı xəbərlərdə məhz Nazim müəllimin çəkdiyi görüntülərdən istifadə etmiş, bölgənin tanıdılmasına onun fotoqrafiya dili önəmli töhfə vermişdir.
Vizual yaddaş  xalq üçün mirasıdır onun ömrü boyu çəkdiyi fotolar. 
Nazim Məmmədovun çəkdiyi fotoların dəyəri təkcə sənətkarlıq baxımından deyil, həm də tarixi əhəmiyyətinə görə yüksəkdir. Qubanı tanıdan müasir turizm tədbirləri, folklor bayramları, rəsmi açılışlar, mədəniyyət mərkəzləri, tarixi şəxsiyyətlərin anım günləri, məktəblərdə və müəssisələrdə keçirilən tədbirlər – bütün bu mərasimlərin çoxu onun obyektivindən keçərək yaddaşımızda qalıb.
Hətta bu gün Quba haqqında araşdırma aparan bir çox tədqiqatçılar Nazim müəllimin fotoarxivinə istinad edir. Çünki o, təkcə görüntü çəkməyib  zamanın axışını sənədləşdirib.
Uzun illik peşəkarlığı ilə seçilən Nazim Məmmədov Azərbaycan Jurnalistlər Birliyinin də fəal üzvlərindən biridir. Media sahəsindəki xidmətləri illərdir həm peşəkar həmkarları, həm də ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Onun fotoqraf kimi fəaliyyəti jurnalistikanın müxtəlif janrlarına töhfə verib və xüsusilə bölgə jurnalistikasının inkişafında mühüm rol oynayıb.
İşinin məsuliyyəti isə həyat tərzinə çevrilmişdir Nazim müəllimin. 
Nazim müəllimin iş üslubunda diqqətçəkən əsas məqam onun peşəsinə olan məsuliyyəti və sədaqətidir. Hər bir tədbirdə, hər bir çəkilişdə onun obyektivinin iş prosesi ilə necə iç-içə olduğunu görmək mümkündür. Yağışda, qarda, küləkdə, uzun çəkiliş günlərində belə o, heç vaxt məsuliyyətdən yayınmayıb. Bu səbəbdən də illərdir bölgədə keçirilən tədbirlər onun iştirakı olmadan sanki natamam görünür.
70 yaş  ömrün müdriklik mərhələsidir. 
Nazim Məmmədovun 70 illik yubileyi həm də Azərbaycan fotojurnalistikasında təcrübənin, sədaqətin və zəhmətin bayramıdır. Bu yaş onun üçün bir zirvə olmaqla yanaşı, həm də yeni yaradıcılıq dövrünün başlanğıcıdır. Çünki sənətdə yaş məhdudiyyət deyil, duyum və baxış tərzidir. Nazim müəllim də bu baxışın daşıyıcısı kimi hələ uzun illər foto yaddaşımıza yeni səhifələr əlavə edəcək.
Hörmətli Nazim müəllim,mən də 
Sizi bu əlamətdar gün, 70 illik yubileyiniz münasibətilə hörmət və minnətdarlıq hissi ilə  səmimi qəlbdən təbrik edirəm. Qubanın tarixini, insanlarını və həyatını böyük sevgi ilə çəkdiyiniz fotolarda yaşatmaqla siz təkcə bir bölgənin deyil, bütöv Azərbaycanın yaddaşına işıq salmısınız. Sizin zəhmətiniz, peşənizə bağlılığınız və illərin təcrübəsindən süzülüb gələn sənət duyumunuz bizim üçün dəyərli nümunədir.
Sizə möhkəm can sağlığı, uzun ömür, yorulmaz enerji və işıq saçan yeni yaradıcılıq illəri arzulayıram. Hər gününüz lentinə vurduğunuz işıqlar qədər parlaq, çəkdiyiniz fotolar qədər unudulmaz olsun!

 Nəhayət Şirinova
ADPU Quba filialı
Heydər Əliyev Lektoriyasının müdiri
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman