44GUN.ORG
12 Dekabr – Ümummilli Lider Heydər Əliyevin Anım Günü.Bu gün milli yaddaşın, müstəqillik fəlsəfəsinin, dövlətçilik ideyasının və milli kimliyin bütövlükdə yenidən formalaşmasının simvoludur. Heydər Əliyev XX əsr Azərbaycan siyasi tarixinin ən parlaq lideri olmaqla yanaşı, həm də müasir dövlətçiliyin memarı, strateji planlaşdırma məktəbinin banisi, milli varlığın qoruyucusu və inkişafının ideya müəllifi kimi qəbul edilir.
Onun qurduğu dövlətçilik modeli elmi ədəbiyyatda “Azərbaycanın modern transformasiya konsepsiyası”, “realist liderlik doktrinası” və “strateji ardıcıllıq məktəbi” kimi xarakterizə edilir. Bu ardıcıllıq Ulu Öndərin siyasi xəttini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti ilə davam edən, nəticədə isə 44 günlük Vətən müharibəsinin Qələbəsinə gətirib çıxaran tarixi proses kimi təhlil edilir.
Heydər Əliyev Fenomeni Liderliyin, Dövlətçiliyin və Tarixi Missiyanın memarıdır.
Böhran dövründə xilaskarlıq missiyası yaddaşlarımıza həkk olunmuşdur. Bir daha yada salaq.
1990-cı illərin əvvəllərində Azərbaycan müstəqillik qazansa da, dövlət atributları yalnız kağız üzərində mövcud idi. Siyasi xaos, iqtisadi tənəzzül, ordu quruculuğunun olmaması və separatizm meyilləri dövlət varlığını təhlükə altına almışdı. Bu dövrdə Heydər Əliyevin hakimiyyətə qayıdışı siyasi nəzəriyyədə “xilasedici lider arxetipi” kimi dəyərləndirilir.
Onun qayıdışı vətəndaş qarşıdurmasının qarşısını aldı, dövlət idarəetmə strukturunu bərpa etdi, ordu quruculuğuna fundamental əsaslar qoydu, hüquqi dövlət və Konstitusiya modelini formalaşdırdı.
Bu mərhələ “dövlət-institusional dönüş” kimi elmi təhlillərdə xüsusi araşdırma obyektidir.
Heydər Əliyev milli kimliyi yalnız mədəni identiklik deyil, həm də siyasi ideologiya kimi sistemləşdirdi. Azərbaycançılıq ideologiyasının əsas komponentləri isə
vahid milli kimliyin qorunması,
dövlətə sədaqət prinsipinin gücləndirilməsi,
dünya azərbaycanlılarının birliyi
multikulturalizm və tolerantlıq siyasətinə və sadalamağımız bir çox sahəlırə aiddir.
Müasir politologiya Azərbaycan modelini “Cənubi Qafqazda inklüziv milli kimlik strategiyası” kimi xarakterizə edirlər.
Neft strategiyası və qlobal siyasi arxitektura sayılan 1994-cü ilin “Əsrin Müqaviləsi” yalnız iqtisadi layihə deyil, həm də Azərbaycanın geosiyasi gücünü müəyyən edən qlobal siyasi strategiya idi. Bu konsepsiya
ölkəyə milyardlarla xarici investisiya gətirdi,
Azərbaycanı regional enerji mərkəzinə çevirdi, Cənubi Qafqazın beynəlxalq sistemdə mövqeyini dəyişdi, davamlı inkişaf üçün iqtisadi baza yaratdı.
Bu siyasət enerji təhlükəsizliyi üzrə araşdırmalarda “Azərbaycan neft diplomatiyası” kimi qəbul edilir.
İctimai-siyasi və mədəni inkişaf modelinə nəzər salsaq Ulu Öndərin irsində insan kapitalının rolunu görmüş olacağıq.
1970–1980-ci illərdə Azərbaycan SSR-də sosial, elmi və mədəni infrastrukturların genişləndirilməsi Heydər Əliyevin idarəçilik ənənəsinin ən bariz nümunəsi idi.
Bu dövrdə sənaye sahələri inkişaf etdi,
yüzlərlə müəssisə istifadəyə verildi,
minlərlə gənc SSRİ-nin aparıcı ali məktəblərində təhsil almağa göndərildi,
elmi-tədqiqat institutları gücləndirildi.
Heydər Əliyev insan kapitalını inkişafın ideoloji bazası olaraq müəyyən etdi. Bu yanaşma bu gün Azərbaycan iqtisadi modelinin də təməlində dayanır.
Siyasi varislik modeli haqqında bəhs etmək yerinə düşərdi.
Strateji ardıcıllığa nəzər salaq.
2003-cü ildə xalqın etimadı ilə prezident seçilən İlham Əliyev Heydər Əliyev irsini yalnız qorumaqla kifayətlənmədi; o, bu siyasəti yeni mərhələyə yüksəltdi. Elmi ədəbiyyatda bu mərhələ “strateji modernləşmə dövrü” kimi dəyərləndirilir.
İlham Əliyevin siyasəti Ulu Öndərin müəyyən etdiyi istiqamətləri daha da gücləndirdi.
Bunlardan ən əsaslarını qeyd etsək,
enerji layihələrinin genişləndirilməsi (TANAP, TAP),güclü ordu konsepsiyası,
iqtisadiyyatın şaxələndirilməsi, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artması,
regional əməkdaşlıq modellərinin formalaşması. dövlətin hərbi-strateji gücləndirilməsi və s.
İlham Əliyev ordu quruculuğunu dövlət siyasətinin əsas prioriteti kimi müəyyən etdi. Onun rəhbərliyi ilə Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü hərbi sistemi kimi formalaşdı.
Ulu Öndərin qoyduğu təməl üzərində
müasir silah sistemi, yüksək intizamlı hərbi hissələr, peşəkar komanda idarəetməsi,
güclü hərbi sənaye kompleksi yaradıldı.
Əzmlə iradə ilə təməli qoyulan bu məqsədyönlü siyasi uğurlar vətənin müdafiəsinə hesablanmış ən uğurlu addımlar idi.
44 Günlük Vətən Müharibəsi isə Heydər Əliyev İrsinin Qələbəyə aparan yolu oldu.
27 sentyabr 10 noyabr 2020-ci il tarixlərini əhatə edən Vətən müharibəsi təkcə hərbi əməliyyatlar deyil, həm də Heydər Əliyevin dövlətçilik modelinin İlham Əliyev tərəfindən yeni tarixi mərhələdə reallaşdırılması idi.
Bu Zəfəri şərtləndirən əsas amillər isə
Ulu Öndərin qoyduğu siyasi və ideoloji təməl, güclü dövlətçilik ənənəsi,
milli həmrəyliyin formalaşması,
azərbaycançılıq ideologiyasının konsolidasiya rolu idi.
İlham Əliyevin liderliyi və qətiyyəti Zəfərin reallaşması üçün ən ali zəmin idi.
Prezident İlham Əliyevin rəhbərliyi
vahid komandanlığın formalaşması,
diplomatik üstünlüyün təmin edilməsi,
informasiya savaşının idarə edilməsi,
beynəlxalq hüquqi legitimliyin qorunması
kimi elementlərlə Zəfərin mühüm faktoruna çevrildi.
Ordu quruculuğunda strateji ardıcıllıq yarandı.
Heydər Əliyevin “güclü ordu güclü dövlətin təminatıdır” tezisi İlham Əliyev dövründə reallaşacaq Şuşa uğrunda əməliyyat,
strateji yüksəkliklərin azad edilməsi,
qısa müddətdə operativ üstünlüyün əldə edilməsi ilə nəticələndi.
44 günlük Zəfər faktiki olaraq Heydər Əliyev ideologiyasının siyasi-hərbi sferada zirvə məqamı oldu.
Qalib, Zəfərli ölkəmizdə bütün sahələrdə demək olar ki, Ulu öndər Heydər Əliyev imzası vardır. Gəlin bir qədər də Heydər Əliyev irsinin təbliği və gənc nəsillərə ötürülməsindən bəhs edək.
Dövlət siyasətində Heydər Əliyev irsinin davamlılığı əsas prioritetdir.
Heydər Əliyev irsinin sistemli şəkildə təbliği müasir Azərbaycan dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu fəaliyyət bir neçə mühüm sahədə həyata keçirilir.
Elə ilk olaraq elmi-tədqiqat institutlarının fəaliyyəti göz önünə gəlir.
Heydər Əliyevin siyasi, ideoloji və dövlətçilik irsi müxtəlif elmi mərkəzlərdə tədqiq edilir. Bu tədqiqatlar liderlik fenomeni,
milli ideologiyanın formalaşması,
enerji strategiyası, modern dövlətçilik modeli kimi istiqamətləri əhatə edir.
Heydər Əliyev Fondunun fəaliyyəti də bu sahədə olduqca fəqdirəlayiqdir.
Fond Ulu Öndərin irsinin təbliği, milli dəyərlərin qorunması və sosial-humanitar layihələrin icrası ilə həm ölkədə, həm də beynəlxalq səviyyədə böyük rol oynayır.
Təhsil müəssisələrində ideoloji maarifləndirmə daha vacib təbliğat sahələrindəndir.
Orta məktəblərdən ali təhsil ocaqlarına qədər Heydər Əliyev irsinin tədrisi və gənclərin ideoloji biliklərinin artırılması üçün müxtəlif tədbirlər keçirilir.
Xüsusi dərslər və seminarlar, elmi konfranslar və mühazirələr, Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunan açıq dərslər, tələbələr üçün müsabiqələr və layihələr.
Bu fəaliyyətlər gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır.
Rayonda yetişən və məhz Ulu öndərin siyasi kursunun təbliğatçısı kimi fəaliyyət göstərən bir ziyalı olaraq borc bilirəm ki, reqionun yeganə ali təhsil məkanı olan ADPU-nun Quba Filialında Heydər Əliyev irsinin öyrənilməsi və təbliği istiqamətində görülən işlərdən də bəhs edim.
Elmi-İdeoloji Platformanın Regional Mərkəzi olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı regionda elm, təhsil və ideoloji maarifçilik mərkəzlərindən biri kimi, Heydər Əliyev irsinin öyrənilməsi və təbliği istiqamətində ardıcıl və sistemli fəaliyyət həyata keçirir.
Filialda fəaliyyət göstərən Heydər Əliyev lektoriyası bu istiqamətdə aparılan işlərin nəzəri və praktiki bazasını təşkil edir.
Ulu Öndərin dövlətçilik xəttinin tədrisi,
siyasi irsin elmi-analitik təhlili,
tələbələrin milli ideologiya üzrə biliklərinin genişləndirilməsi kimi funksiyalar layiqincə yerinə yetirir.
Burada keçirilən mühazirələr gənclərdə
vətənpərvərlik, dövlətçilik ideyalarına sədaqət, tarixi yaddaşa bağlılıq
kimi dəyərlərin formalaşmasına mühüm töhfə verir.
ADPU Quba filialı hər il Heydər Əliyevin anadan olması və anım günləri ilə bağlı genişmiqyaslı tədbirlər keçirir.
Filialda keçirilən tədbirlərin mühüm istiqamətlərindən biri də 44 günlük Vətən müharibəsi və Zəfər tarixinin tədrisidir. Burada Heydər Əliyevin dövlətçilik xəttinin İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, Qələbənin ideoloji əsasları tələbələrə həm elmi, həm də praktik baxımdan çatdırılır.
Zəfər ölkəsi olan Azərbaycanımızda Ümummili lider Heydər Əliyev ideyalarına sadiq gənc nəsil yetişir.
Bəli, bu ideyalar heç vaxt unudulmayacaqdır. Nə qədər Azərbaycanımız var bu ideyalar hər zaman yaşayacaqdır. Dahi Öndər Heydər Əliyev hər zaman sonsuz ehtiramla anılacaq və ruhuna dualar oxunacaqdır.
Ruhun şad olsun müasir və müstəqil Azərbaycanımızın memarı!
Nəhayət Şirinova
ADPU Quba filialı
Heydər Əliyev Lektoriyasının müdiri.