44GUN.ORG
Bu tacı kim başına taxırsa HÖKMRAN olur. Kim taxmırsa tapdalanır. Elə bil dövr dəyişib. Meyarlar tərsinə çevrilib. Həqiqət ağır yükə dönüb, yalan isə yüngül qanada. Düz danışan adam bu çağda ya sadəlövh sayılır ya da təhlükəli. Çünki həqiqət güzgüdür. Baxanı qorxudur. Çirkinliyi üzə çıxarır. Mən həmişə çalışmışam düz danışam. Amma bu düzlük mənə baha başa gəlib.Ç o x b a h a.. Düz söz dediyim üçün pis insan kimi qələmə veriblər. Haqlı irad bildirdiyim üçün haqsızlıqla üzləşmişəm. Üzümə gülümsəyib "HAQLISAN" -deyənlər, arxamca kölgəmi qılınclayıblar. Ən ağır zərbələr də məhz onlardan gəlib. Dost bildiklərimin səsli və ya səssiz xəyanətindən bu gün yalan tək-tük deyil, sistemli hal alıb. Küçədə yalan, ictimai yerlərdə yalan, tədbirlərdə yalan, kabinetdə yalan, tribunada yalan, hər addım başı yalan, yalan, yalan...
Bir başdan nasaz çıxır özünü qəhrəman kimi təqdim edir. Asır-kəsir, vurur-tutur. Pul danışır, yalan hökm sürür. Həqiqətin səsi boğulur. Vicdan küncə sıxılır. Məcburən sən də susursan. Çünki bu dövrdə susmaq- yaşamaqdır. Ağrımaz başına sarımsaq bağlamaq istəmirsən. Amma yalanın bir vaxta qədər ömrü var. Qorxusu var, qoxusu var. Gözlərdən oxunur, sözlərdən hiss olunur. Nə qədər gizlətsələr də, nə qədər bəzəsələr də bir gün üstü açılır. İfşa olunur. Dağın başında banlama. Səni tanımayan yoxdur. Kimliyin hamıya məlumdur. Dabbagın gönünə bələdik, D Ə D Ə... Danışığın yalandır, sözlərin yalan !!!
Yüksəyə qalxmaq üçün neçə qapı döydüyünü unutma. Dünən sürünənlərin bu gün görkəmli ilana dönməsi təəccüblü deyil bu zamanda. Məxmər palan geymiş eşşəklər AT kimi görünmək istəyirlər. Amma nə qədər bəzənsələr də xasiyyət, xislət dəyişməz qalır. Paltar dəyişir, maska dəyişir-mahiyyət dəyişməz qalır. Bəli, indi dövran yalanındır. Danış, qur, gopla doldur planını. Amma unutma, zaman ən ədalətli hakimdir. O gecikə bilər, amma yanılmır, amansız olur. Bir gün maskaları cırıb, pərdələri salır. Saxta taxtları çökdürür.
O möhtəşəm gün, yalan susacaq. Həqiqət isə nə qədər yaralı olsa da ayağa qalxacaq və qələbəsini elan edəcək.. Atalar məsəli var, "Pis olmasa, yaxşının qədrini bilmərik", "Qaranlıq olmasa işığın, günəşin dəyəri bilinməz". Allah bütün düz danışanları, haqlı olanları qorusun. Sözünü satmayanları, Vicdanını, Namusunu, Ləyaqətini, Şərəfini girov qoymayanları, sussa da belə yalanın, şərin tərəfində dayanmayanları qorusun. İNŞALLAH.
Ağrıdağ Cəmiyyəti
qurumun rəhbəri:
Kamil (Rəcəb) Babayev.