SON DƏQİQƏ

Birinci onluğa bu bələdiyyələr düşə bilib: Sumqayıt bələdiyyəsi yenə birincidir

Tarix:14-01-2026, 19:28 Oxunub:132

44GUN.ORG

​​​​Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyası bələdiyyələrin əldə etdiyi yerli vergilərin həcmi ilə bağlı maraqlı və diqqətçəkən məlumatlar paylaşıb.

Yerli vergilərin yığım həcminə görə Sumqayıt bələdiyyəsi 60 faizlik artımla siyahıda birinci yeri tutub. Belə ki, 2024-cü ildə Sumqayıt bələdiyyəsi tərəfindən 753 331 manat əmlak və torpaq vergisi toplanmışdısa, 2025-ci ildə bu göstərici 1 204 245 manata çatıb.

Siyahıda ikinci yeri 42 faizlik artımla paytaxtın Nizami bələdiyyəsi, üçüncü yeri isə 40 faizlik artımla Yasamal bələdiyyəsi tutub. Nizami bələdiyyəsi 2024-cü ildə topladığı 636 599 manata qarşı ötən il 901 630 manat, Yasamal bələdiyyəsi isə 1 514 358 manata qarşı 2 124 068 manat əmlak və torpaq vergisi əldə edib.

Siyahıda dördüncü yeri 34 faizlik artımla Nəsimi bələdiyyəsi tutub. İlk beşliyi isə 29 faizlik artımla Nərimanov bələdiyyəsi tamamlayır. Nəsimi bələdiyyəsi 1 258 167 manata qarşı ötən il 1 683 102 manat, Nərimanov bələdiyyəsi isə 1 759 419 manata qarşı 2 267 654 manat yerli vergi toplaya bilib.

Sıralamada altıncı yeri 28 faizlik artımla Gəncə şəhəri Kəpəz bələdiyyəsi tutub. Belə ki, 2024-cü ildə əldə etdiyi 410 117 manata qarşı ötən il 525 795 manat gəlir əldə edib.

Ümumi büdcə daxilolmalarına görə də təxminən eyni mənzərə yaranıb. Sumqayıt bələdiyyəsi 3 519 320 manatlıq büdcə daxilolmaları ilə artıq ikinci ildir ki, ölkə bələdiyyələri sırasında birinci yerdə qərarlaşıb. Qeyd edək ki, bələdiyyənin əldə etdiyi vəsaitin yalnız 30,5 faizi bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən daxil olan ödəmələr təşkil edib. Bələdiyyə mülkiyyətinin icarəsi üzrə daxilolmaların həcmi isə 1 202 422 manat olub.

Əldə edilən məlumatlara görə, Sumqayıt bələdiyyəsi ikinci dəfə üç milyonluq həddi, Nərimanov, Yasamal, Xətai və Nəsimi bələdiyyələri iki milyonluq həddi, Səbail və Nizami bələdiyyələri isə bir milyonluq həddi keçə biliblər. Əlavə edək ki, Nizami bələdiyyəsi bu həddi ilk dəfə keçsə də, Səbail bələdiyyəsi artıq ikinci dəfədir ki, bu göstəriciyə nail olub.

Bu da onu deməyə əsas verir ki, adları çəkilən bələdiyyələrin cari ildə hədəfləri daha yüksək rəqəmlər olacaq.

Onu da qeyd edək ki, Sumqayıt, Nərimanov, Yasamal, Xətai, Nəsimi, Səbail və Nizami bələdiyyələrində əldə olunan nəticələr həmin bələdiyyələrdə vergi-uçot sisteminin düzgün qurulması, eləcə də yenilənmiş BAMS proqramının verdiyi imkanlardan səmərəli istifadə hesabına mümkün olub. Xüsusilə Sumqayıt bələdiyyəsi formalaşdığı ilk gündən büdcə gəlirlərini artırmaqla yanaşı, əhali arasında da geniş nüfuza malik olan bələdiyyələr sırasındadır.

Etiraf etmək lazımdır ki, Binəqədi, M.Ə. Rəsulzadə, Xırdalan, Gəncənin Kəpəz və Nizami bələdiyyələri, eləcə də Ağcabədi, Mingəçevir və bir sıra digər bələdiyyələr də ötən il kifayət qədər fəal çalışıblar.

Lakin digər sahələrdə tarif dərəcələrinin dəfələrlə dəyişdirilməsinə və ya artırılmasına baxmayaraq, yerli vergilərə aid tariflərin hələ də 1999-cu il səviyyəsində qalması, həmçinin sənədsiz əmlakların sənədləşdirilməsində mövcud olan bəzi bürokratik maneələrin aradan qaldırılmaması nəticəsində onlarla bələdiyyə yuxarıda qeyd olunan siyahıya düşə bilməyib.

Bütün hallarda bələdiyyələr yerli vergilərin həcmini ötən il ərzində 30 faizə qədər artırsalar da, bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi üzrə əldə olunan gəlirlərin azalması ümumi büdcə daxilolmalarına ciddi təsir göstərib. Nəticədə 2025-ci ildə bələdiyyələrin ümumi büdcə daxilolmaları 2024-cü illə müqayisədə ciddi artım nümayiş etdirməyib.

Sonda onu da əlavə edək ki, yuxarıda adları çəkilən bələdiyyələrin yüksək nəticələr əldə etməsinin əsas səbəbi Administrasiyanın müvafiq sektorunun təşəbbüsü ilə BAMS proqramının təkmilləşdirilməsi, bu proqramın Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat bazasına inteqrasiyası, həmçinin yerli özünüidarəetmə orqanları ilə icra strukturları arasında sıx əməkdaşlıq əlaqələrinin qurulmasıdır.

Bu baxımdan Administrasiyanın və Ədliyyə Nazirliyinin müvafiq qurumları kimi, bələdiyyə sisteminin inkişafında hər bir siyasi rəhbər maraqlı olmalı və fəaliyyəti ilə bu qurumlara dəstəyini əsirgəməməlidir. Bu dəstək göstərildiyi təqdirdə, onlar həm də öz üzərlərinə düşən məsuliyyət yükünü müəyyən qədər azaltmış olarlar.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman