SON DƏQİQƏ

“Qadın dünyası” ictimai birliyi 20 Yanvar faciəsi və şəhidlərinə həsr edilmiş “ Vətən mənə oğul desə nə dərdim” adlı dəyirmi masa

Tarix:18-01-2026, 22:54 Oxunub:264

44GUN.ORG

17 yanvar 2026-cı il
Məkan: AMQF Konfrans Zalı

17 yanvar 2026-cı il tarixində, bu gün “Qadın Dünyası” İctimai Birliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsi və bu faciənin qurbanı olmuş şəhidlərimizə həsr olunmuş dəyirmi masa keçirilmişdir.

Dəyirmi masada şəhid ailələrinin üzvləri, keçmiş hərbçilər, qazilər, tarixçi alimlər, ictimai təşkilatların nümayəndələri və gənclər iştirak etmişlər.

Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Dövlət himni səsləndirildikdən sonra “Qadın Dünyası” təşkilatının rəhbəri Kifayət Niftəliyeva 20 Yanvar faciəsində xalqımızın üzləşdiyi dəhşətli hadisələr, azadlıq hərəkatının önündə gedən və taleyinə şəhidlik zirvəsi yazılmış vətən fədailəri, eləcə də həmin günlərin tarixi-siyasi hadisələri barədə ətraflı məlumat vermişdir.

Daha sonra “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” cəmiyyətinin rəhbəri Tofiq Əlizadə zaman-zaman düşmənlər tərəfindən vətənimizə və millətimizə qarşı törədilmiş qanlı cinayətlərin səbəbləri ilə bağlı qiymətli faktlarla tədbir iştirakçılarını tanış etmişdir.

Tarix elmləri doktoru, Qarabağ (tarixi, mədəni irsi, şəhidləri) mövzusunda 100-dək kitabın müəllifi Nazim Tapdıqoğlu Qarabağ hadisələrinin 1988-ci ildən başlaması ilə milli oyanışın, milli birliyin və 20 Yanvar şəhidlərinin şəhidlik zirvəsinə ucalmasının birbaşa əlaqəli olduğunu vurğulamışdır.

Tədbirdə balaca vətənpərvər Nərmin “Şəhidlər” şeiri ilə şəhidlərə olan sevgi və ehtiramını ifadə etmişdir.

Şəhid İsmayılov Cavad Yunus oğlunun bacısı İsmayılova Reyhan Yunus qızı şəhid qardaşı Cavadla bağlı xatirələrini bölüşmüş, qardaşı şəhid olduqdan sonra ailələrinin yaşadığı ağır və hüznlü günlərdən danışmışdır. Mikayıl Müşfiq ocağından olan istedadlı qardaşının yarımçıq qalmış arzularını nisgillə xatırlamış, torpaqlarımız azad edildikdən sonra Cavadın məzarını ziyarət edərək “Qardaşımın qanı yerdə qalmadı” deməsindən, Vətənin azadlığının dəyərindən bəhs etmişdir.

Qiraətçi Şirzad bəy milli ruhumuza və birliyimizə həsr olunmuş şeiri ilə tədbirə xüsusi rəng qatmışdır.

Azərbaycan Respublikası Şəhid Ailələrinin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri, iki müharibənin iştirakçısı, polkovnik-leytenant Tahir Məmmədov gənclik illərində hərbi məktəbdə oxuyarkən azərbaycanlılara qarşı rastlaşdığı neqativ hallardan, 20 Yanvar faciəsinə səbəb olan amillərdən, müharibə dövründə baş verən hadisələrdən və şəhidlərimizlə bağlı xatirələrindən danışmışdır.

“Carçı” jurnalının təsisçisi və baş redaktoru Gülnarə Əmirquliyeva həmin dövrdə Rusiyada yaşadıqlarını, 20 Yanvar hadisələri ilə Moskva telekanallarında yayımlanan çox az sayda süjetlər vasitəsilə tanış olduqlarını bildirmişdir.

Tədbirdə həmçinin müstəqillik və azadlıq hərəkatının iştirakçıları, 20 Yanvar hadisələrinin şahidləri – “Ana və Uşaqlar” İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə, “El Gücü” Beynəlxalq Humanitar Assosiasiyası İctimai Birliyinin sədri Sara Məmmədova, “Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyinin sədri Almaz Zeynalova, Azərbaycan Respublikası Şəhid Ailələri, Qaziləri və Əlillərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin Abşeron şöbəsinin nümayəndəsi İsa müəllim, keçmiş hərbi tibb bacısı, polkovnik Ş. Quliyevin həyat yoldaşı Almaz Quliyeva, “Turan” Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri Zərnişan Azayeva, Azərbaycan Respublikası Şəhid Ailələrinin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin üzvü Ceyran Xankişiyeva, vətənim.azerbaycandır.az informasiya saytının rəhbəri Kamran Orucov, Azərbaycan Respublikası Şəhid Ailələri, Qaziləri və Əlillərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin ümumi şöbəsinin müdiri, igid.tv-nin mətbuat katibi Elçin Musayev çıxış edərək 20 Yanvar faciəsinin tarixi əhəmiyyətini və gənclərin tarixi həqiqətləri bilməsinin vacibliyini vurğulamışlar.

“Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədr müavini Misir Məmmədov gənclər adından çıxış edərək bu cür tədbirlərin məlumatların əldə olunması baxımından əhəmiyyətini qeyd etmiş, təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirmişdir.

Tədbir iştirakçıları Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən Qələbəyə gedən yolun məhz 20 Yanvar faciəsinin ortaya qoyduğu xalq–ordu–Komandan birliyindən başladığını xüsusi vurğulamışlar.

Sonda 20 Yanvar şəhidlərinin xatirəsinə çay süfrəsi ehsanı verilmişdir.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İdman