44GUN.ORG
28 fevral 2026-cı il tarixində Sumqayıt şəhərində ilk dəfə olaraq Beynəlxalq Xaricdə Təhsil Sərgisi təşkil olunub. Sərgi Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı Regional Nümayəndəliyi və Headway Education Xaricdə Təhsil Şirkətinin birgə təşkilatçılığı ilə baş tutub.Sərgidə Almaniya, Polşa, Macarıstan, Fransa, İngiltərə, Amerika Birləşmiş Ştatları, Çin, Malayziya, Türkiyə, Özbəkistan və digər bir çox ölkələrin nüfuzlu universitetlərinin rəsmi nümayəndələri iştirak ediblər. Bununla yanaşı, gənclər üçün mühüm informasiya və dəstək təqdim edən British Council, Erasmus Məlumat Mərkəzi və digər aidiyyəti qurumlar da sərgidə təmsil olunublar.
Gün ərzində sərgiyə həm gənclər, həm də valideynlər böyük maraq göstərərək universitet seçimi, xaricdə təhsil imkanları, bakalavr, magistr və doktorantura proqramları, eləcə də yay məktəbləri barədə ətraflı məlumat əldə ediblər. Tədbirdə həmçinin Malayziya səfirliyi də iştirak edərək Malayziyada təhsil imkanları haqqında iştirakçılara məlumat təqdim edib.
Sərgi səhər saat 11:00-dan axşam saat 17:00-dək davam edib və ümumilikdə 500-dən çox iştirakçıya birbaşa informasiya və konsultasiya xidməti göstərilib. Bu tədbir Sumqayıt şəhərində gənclərin beynəlxalq təhsil imkanlarına çıxışının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.




