44GUN.ORG
İyulun 22-si Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Bu əlamətdar günün əsasında Həsən bəy Zərdabinin 1875-ci il iyulun 22-də nəşrinə başladığı "Əkinçi" qəzeti dayanır. Milli mətbuatımızın təməlini qoyan bu nəşr Azərbaycan cəmiyyətində maarifçiliyin, milli düşüncənin və ictimai şüurun formalaşmasında mühüm rol oynayıb. Bu il Azərbaycan milli mətbuatının yaranmasının 151 ili tamam olur.Ötən 151 il ərzində Azərbaycan mətbuatı zəngin və şərəfli inkişaf yolu keçərək bu gün müasir informasiya məkanının ayrılmaz hissəsinə çevrilib. Milli mətbuatımız cəmiyyətin maariflənməsinə, milli-mənəvi dəyərlərin qorunmasına, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə və ictimai rəyin formalaşdırılmasına mühüm töhfələr verib.
Azərbaycan mətbuatının inkişafında Ümummilli Lider Heydər Əliyevin xidmətləri xüsusi əhəmiyyət daşıyır. Ulu Öndər hər zaman mətbuatın cəmiyyət həyatındakı rolunu yüksək qiymətləndirərək söz və fikir azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin fəaliyyətinin genişləndirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıb.
Müstəqillik dövründə milli mətbuatın inkişafına dair ilk mühüm sənədlər məhz Heydər Əliyev tərəfindən imzalanıb. 2000-ci il martın 27-də "Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi haqqında" Fərmanın imzalanması, 1998-ci ildə senzuranın ləğv edilməsi, 1999-cu ildə "Kütləvi İnformasiya Vasitələri haqqında" Qanunun qəbul edilməsi ölkəmizdə demokratik media mühitinin formalaşmasına ciddi töhfə verib. Həmçinin qəzetlərin bəzi vergilərdən azad olunması, redaksiyalara maliyyə dəstəyinin göstərilməsi və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar mətbuat nümayəndələri tərəfindən yüksək qiymətləndirilib. Bu xidmətlərinə görə Ulu Öndər 2002-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin "Jurnalistlərin dostu" mükafatına layiq görülüb.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda söz və mətbuat azadlığının inkişafı, media sahəsinin müasirləşdirilməsi və jurnalistlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində dövlət siyasəti ardıcıl şəkildə davam etdirilir. Ölkə başçısının imzaladığı mühüm sərəncamlar nəticəsində medianın inkişafına dövlət dəstəyi daha da gücləndirilib, jurnalistlərin fəaliyyətinin təşviqi və media institutlarının inkişafı üçün yeni imkanlar yaradılıb.
Milli mətbuatımızın yubileylərinin dövlət səviyyəsində qeyd olunması, media nümayəndələrinin fəxri adlara və dövlət mükafatlarına layiq görülməsi, onların sosial müdafiəsinin gücləndirilməsi dövlətin mətbuata göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir.
Bu gün Azərbaycan mediası rəqəmsallaşma dövrünün çağırışlarına uyğun fəaliyyət göstərərək operativ, obyektiv və peşəkar informasiya mühitinin formalaşmasına öz töhfəsini verir. Milli maraqların qorunması, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və dövlətçilik ideyalarının təbliği istiqamətində Azərbaycan jurnalistlərinin üzərinə mühüm məsuliyyət düşür.
151 illik zəngin tarixə malik Azərbaycan milli mətbuatı dünən olduğu kimi bu gün də cəmiyyətin inkişafında mühüm missiya daşıyır. İnanırıq ki, milli jurnalistikamız gələcək illərdə də peşəkarlıq, obyektivlik və dövlətçilik prinsiplərinə sadiq qalaraq yeni uğurlara imza atacaq.
22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini, jurnalistləri və mətbuat sahəsində çalışan hər kəsi səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, yaradıcılıq uğurları və peşə fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.
Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri