Vaşinqton Rusiyanı Ukrayna ərazisindəki “aqressiv hərəkətlərə” görə məsuliyyətə cəlb etmək üçün çalışmağa davam edəcək.
44gun.org xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden bəyan edib.
“Biz Rusiyanı Ukraynada zorakılıq və təcavüzə görə məsuliyyətə cəlb etmək üçün işləməyə davam edəcəyik”, – deyə Baydenin Krımın Rusiyaya birləşdirilməsinin yeddi illik ildönümünə həsr olunmuş bəyanatında bildirilir.
O qeyd edib ki, ABŞ “yarımadanın güman edilən ilhaqını heç zaman tanımayacaq”: “Rusiya Krımı işğal edərək beynəlxalq hüququ, qonşusu Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozub”.
ABŞ Dövlət katibi Entoni Blinken də Rusiya haqqında sərt ifadələr səsləndirib: “Amerika Birləşmiş Ştatları (ABŞ) Rusiyaya yönəlik sanksiyaları o vaxta qədər qüvvədə saxlayacaq ki, Moskva kursunu dəyişəcək və Krım yarımadasını Ukraynaya qaytaracaq. Vaşinqton heç vaxt Rusiyanın Krım üzərində suverenliyini tanımayacaq. Krımın Rusiya tərəfindən ilhaq edilməsi beynəlxaq təhlükəsizliyi və formalaşmış dünya düzənini təhdid edir. Rusiya ədalətsiz olaraq, saxladığı bütün ukraynalı siyasi dustaqları təcili surətdə azad etməli və yarımada üzərində Ukraynanın nəzarəti qaytarmalıdır. Ukraynanın şərqindəki təcavüzü dayandırmağı tələb edirik”.