Prezident İlham Əliyev Yevlax rayonunun Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (6 km)–Tanrıqulular avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, Sərəncama əsasən, Mingəçevir–Stansiya Mingəçevir–Bəhrəmtəpə (6 km)–Tanrıqulular avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 2,1 milyon (iki milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.