44GUN.ORG
Fevralın 20 -də Bakı Dövlət Universiteti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə “Qızların təhsil hüququ” mövzusunda konfrans keçirilib.Konfransı giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev bildirib ki, bakalvriat və magistratura təhsil səviyyələrində 25 minə yaxın tələbə təhsil alır.Onlardan 16 min 641 nəfəri, təxminən 67, 2 %-i qızlardır: Bu il BDU-yə daxil olan 5414 tələbədən 3803 nəfəri qızlardır. İmtahan sessiyasında qız tələbələrin oğlan tələbələrlə müqayisədə müvəffəqiyyət göstəricisi təxminən 20 faiz çox olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Elm və təhsil naziri Emin Əmrullayev vurğulayıb ki, ölkəmizdə qızların təhsili uzunmüddətli hədəflərdəndir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə çıxışında qeyd edib ki, Azərbaycanda təhsil dünyəvi və fasiləsiz xarakter daşıyır, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir.
Sonra Bakı Dövlət Universiteti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fond tərəfindən qızların təhsilinə dəstək istiqamətində aparılan layihələrdən söz açıb.
Tədbirdə Milli Məclisin elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin sədri Araz Paşayev BDU-nun Fizika fakültəsinin Maddə quruluşu kafedrasının müdiri Sacidə Əbdülvahabova, Dövlət Gömrük Akademiyasının İnformasiya texnologiyaları fakültəsinin tələbəsi Fidan Mehdiyeva və başqaları iştirak ediblər.
Tədbir bədii proqramla davam etdirilib.