44GUN.ORG
XX yüzillikdə Şərqdə ilk dəfə bir cümhuriyyət yarandı və tez də söndü. Yüzilliyin sonunda isə yenidən mərd oğullarımız Şərqin-Qərbin qapısında gələcəyi olan müstəqil Azərbaycan qurdular ki, keçmişimizi, tariximizi və mesenatlarımızın taleyini öyrənməklə daha böyük uğurlar əldə edə bilək.Bakının quruculuq işlərinə ömrünü damla-damla sərf edən, həyatının mənasını millətinə xidmətdə görən fədakarlıq simvolu,səmimiyyət rəmzi olan Ağa Musa nurlu əməllərilə yaddaşlarda həz zaman yaşayacağına çox inamlı idi.
Neft milyonçusu-xeyriyyəçi Ağa Musa Nağıyevin həyatının və fəaliyyətinin araşdırıcısı- tədqiqatçısı olaraq, Azərbaycanın keçmişini, onun dəyərli səhifələrini gələcək nəsillərə ötürmək məqsədilə - 33 ildir bu yönümdə çalışıram. Ənənəyə sadiq qalaraq, hər il martın 4-də milyonçu-mesenat A.M.Nağıyevin anadan olmasının (1849-1919) və vəfatının ildönümü münasibətilə Biləcəridə,Azərbaycan Kazklarının qarovulda dayanmış - məzarının önündə toplaşırıq. Unutmaq olmaz ki, məhz milyonçu-xeyriyyəçilərimiz – H.Z.Tağıyev, A.M.Nağıyev, A.Ş.Əsədullayev, M.Muxtarov, İsa bəy Hacınski, Ağabala Quliyev və Aşurbəyovlar XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda iqtisadiyyatın, xüsusilə neft sənayesinin yeni tələblər səviyyəsində qurulmasında dövlət başçıları ilə “döyüşən Azərbaycan sənayeçiləri”nin sayılanlarından olublar.
Ağa Musa Nağıyev 1849-cu ildə Biləcəridə saman satan Hacı Nağının ailəsində dünyaya göz açmış, Tanrı onu kiçik yaşlarından (11) özündən böyük yükün altına yıxmış, hamballıq edib, əlinin zəhməti,ağlının zəkasıyla milyonlara sahib olmuşdur. El arasında belə bir deyim olub:Ağa Musanın vurduğu mıxı qoparmaq hər adamın gücü çatan iş deyil.
Tarixdən bəllidir ki, Bibiheybət dərəsində ilk dayaz quyular iri və xırda neft təbəqələri 100 illər öncə qazılmış, ixrac olunan neftin keyfiyyəti də çox yüksək olmuşdur.
Bibiheybətdə Naftalan körfəzi başdan-başa neftlə zəngin olduğundan hər bir metrədən qaz püskürürdü. XX əsrin əvvəllərində neftxudalar Naftalan körfəzini qurutmaq və burada mədən salmaq üçün Peterburqun Çarına etdiyi müraciətə əsasən yaradılmış şirkətə sədr, pay sahiblərindən ən mötəbəri sayılan neftxuda Ağa Musa Nağıyev təyin olunmuşdu.
Novruz bayramı ərəfəsində qeyd olunan Çərşənbə axşamlarında və adlı-sanlı qonaqların şərəfinə Naftalanda körfəzlərə od ataraq atəşfəşanlıq yaradırdılar. XIX əsrin ortalarında Bakıya qonaq gəlmiş fransız yazıçısı A.Dyuma “Qafqaz səfəri” əsərində bu atəşfəşanlığı belə təsvir etmşdi: “Külək əsdikcə alov sanki qəribə rəqs edirdi. Bu rəqs sanki küləyin alovla oynadığını təsvir edirdi. Külək nə qədər cəhd edirdisə də, odu-alovu söndürə bilmirdi”.
Ağa Musa 100 bina tikib, 100 yaşayacağına çox inamlı olsa da, 70 yaşında (4.03. 1919) ölümü gənc oğlu İsmayılı itirdiyilə əlaqəli idi.
Bakının 11 milyonçularndan fərqli olaraq, Şollar suyunun çəkilişində xərcin 75%-ni ödəyən, Qara şəhərə su çəkdirən, Biləcəri ilə Bakı arasında ilk körpü (1908) salan; 98 bina – 98 daş yaddaşı olan: 4 nəhəng xəstəxana, 2 mehmanxana, ilk poçt binası, təhsil ocaqları, körpələr evi və yığıncaqlar keçirmək üçün xüsusi binalar tikdirmiş,“Vərəmlə mübarizə Cəmiyyəti”nin təsisçisi - ümumilikdə bu yolda milyonlarını əsirgəməyən Ağa Musa Nağıyevin adı birincilər siyahısındadır.
İş otağında başının üstündən asılan,2 kq.qızıldan sifariş etdiyi Emblemini adını daşıdığı “Milli Dəyərlərin Qorunması” İB-nin möhürü ilə yaşadıram.
Dörd dəfə məcburi qəbr yeri dəyişdirilən milyonçunun sonuncu məzarı önündə 2016-ci ildə büstü qoyulub. Ağa Musa Nağıyevin sərf etdiyi milyonların sayəsində mədəniyyətimiz gözə çarpacaq dərəcədə inkişaf etmişdir. İlk Xeyriyyə Çəmiyytinə töhfə tdiyi “İsmailiyyə” binası haqqında Məmməd Əmin Rəsulzadə demişdir:“Bütün Yaxın Şərq aləmində biz ilk ölkəyik ki, bunca möhtəşəm bir Xeyriyyə Cəmiyyətimiz var”.
Tarixin qısa kəsiyində bizə Tağıyevlərin,Nağıyevlərin, Əsədullayevlərin adlarını unutdurmağa çalışsalar da, bu baş tutmadı. Millət onlara nurlu əməllərilə işıqlı yol göstərən şəxsiyyətləri, Bakı milyonçularını qəlblərində yaşadır və daima yaşadacaq.
Ağa Musa Nağıyevin həyatının və fəaliyyətinin araşdırıcısı- tədqiqatçısı olaraq haqqında çəkilmiş 6 sənədli filmin layihə rəhbəri olmaqla,10 kitab yazmaqla, dissertasiyamın mövzusunu Onun sahibkarlıq, xeyriyyəçilik və ictimai fəaliyyətinə həsr edərək, tarix üzrə fəlsəfə doktoru adına layiq görülmüşəm.
Həyatının qəhrəmanı olmaq niyyətilə deyil, haqq və ədalət naminə, milyonçu-xeyriyyəçinin etdiklərinin - həqiqətlərin üzə çıxarılmasına çalışmışam.
Düşünürəm ki, Ağa Musa kimi -millətin yolunda pullarını xərcləməkdən çəkinməyən qeyrətli sahibkarlarımızın itirilən haqlarını qaytarmasaq da, heç olmazsa, onların adlarını uca tutmaqla ruhlarını şad etməliyik.
Sən bir tufan olub gəldin dünyaya,
Nağıla çevrilib, həyatda qaldın.
Hamballıqdan - milyonçuya çevriləndə sən
Biri vardı, biri yox, dedilər- nağıldakıtək...
“MDQ” İB təsisçisi
A.M.Nağıyevin nəvəsi, tarix üzrə f.d. Dilarə Ağamusa Nağıyeva


