44GUN.ORG
“Gəncə Sahibkar Qadınlar” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən “Şəhid və Müharibə Veteranlarının Qadın Ailə Üzvləri üçün Sahibkarlıq Kursları” layihəsinin icrasına başlayıb.Layihənin əsas məqsədi şəhid və müharibə veteranlarının qadın ailə üzvlərinin sosial fəallığının artırılması, psixoloji dayanıqlığının gücləndirilməsi və iqtisadi müstəqilliyinin dəstəklənməsidir. Eyni zamanda, iştirakçıların milli dəyərlərə əsaslanan yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi, mikro sahibkarlıq fəaliyyətinə cəlb olunması və cəmiyyətə daha fəal inteqrasiyasına şərait yaradılması nəzərdə tutulur.
Layihə çərçivəsində 25 nəfər qadın üçün psixoloji-motivasiya təlimləri, mikro sahibkarlıq üzrə maarifləndirici sessiyalar və milli dəyərlərə söykənən yaradıcılıq bacarıqlarının inkişafına yönəlmiş praktiki məşğələlər təşkil ediləcək. Təlim proqramı iştirakçıların şəxsi potensialının üzə çıxarılmasına, özünəinam hissinin gücləndirilməsinə və gələcəkdə gəlir gətirən fəaliyyət sahələri yaratmalarına dəstək verməyi hədəfləyir.
Layihənin yekununda iştirakçı qadınların hazırladıqları əl işlərindən ibarət sərgi təşkil olunacaq. Sərgi onların yaradıcılıq məhsullarının nümayişi ilə yanaşı, satış və təqdimat bacarıqlarının inkişaf etdirilməsi üçün də əlverişli imkan yaradacaq. Bununla yanaşı, iştirakçılar layihə müddətində psixoloji dəstək alacaq, yeni bilik və bacarıqlar əldə edərək cəmiyyətə inteqrasiyalarını daha da gücləndirəcəklər.
“Gəncə Sahibkar Qadınlar” İctimai Birliyi hesab edir ki, layihə şəhid və qazi ailələrinin qadın üzvlərinin sosial rifahının yaxşılaşdırılmasına, onların iqtisadi imkanlarının genişləndirilməsinə və cəmiyyət həyatında daha fəal iştirakına mühüm töhfə verəcəkdir.
Həyata keçirən təşkilat: “Gəncə Sahibkar Qadınlar” İctimai Birliyi
Layihə: “Şəhid və Müharibə Veteranlarının Qadın Ailə Üzvləri üçün Sahibkarlıq Kursları”
Dəstəkçi qurum: Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi






